İdman 16:15 21.12.2022

Azərbaycan Kubokunun 1/4 finalındakı sürpriz nəticələrə baxış

Azərbaycan Kubokunda 1/4 final mərhələsinə yekun vuruldu və yarımfinalçılar müəyyənləşdi. Sözügedən mərhələ bir sıra maraqlı nəticələr də qeydə alınması ilə diqqət çəkdi. 

"Qarabağ” səfərdə "Qəbələ”yə məğlub olub mübarizəni dayandırdı. "Sabah” isə evdə "Səbail”ə uduzaraq Azərbaycan Kubokunu tərk etdi. Təbii ki, "Qarabağ”ı anlamaq mümkündür. Hətta komandanın uduzub kubokdan kənarda qalması belə onlar üzərində ciddi təzyiq yarada bilməz. Çünki Azərbaycanı avrokuboklarda layiqincə təmsil edən Ağdam klubu hər il bir neçə cəbhədə vuruşmaq məcburiyyətindədir. Üstəlik yayda mövsüm bitəndən sonra digərlərindən fərqli, Qurban Qurbanovun komandasının istirahət üçün daha az vaxtı olur. Ölkə futbolunun beynəxalq arenalarda təmsil olunması məsuliyyətinin böyük hissəsini üzərinə götürən "Qarabağ”ın bu səbəbdən yorğun olması və ya hansısa oyunda büdrəməsi normal görünə bilər. Hərçənd bu vəziyyətdə belə turnir cədvəlində liderliyi qoruyub saxlaması, ən yaxın rəqibi "Sabah”dan 7 xal irəlidə olması klubdakı, həmçinin kollektivdəki peşəkarlığın göstəricisidir. Yəni, qurulan strategiya komandanın birdən-birə enişə keçməsinin, ardıcıl uğursuzluqların qarşısını alır. Amma…

"Neftçi” üçün əsas nəticədir

"Neftçi”yə təzyiqlər həmişə davamlı və yüksək olub. Əsasən də Premyer Liqadakı son qarşılaşmada "Qarabağ”a məğlubiyyətdən sonra hər kəs paytaxt təmsilçisi haqda bədbin fikirlər söyləməyə başlamışdı. Kubokun 1/4 final mərhələsinin ilk qarşılaşmalarında "Zirə”yə məğlubiyyətdən sonra Regekampfın komandası işini xeyli çətinləşdirsə də, cavab matçında toparlanaraq qələbə qazanmağı bacardı. Buna baxmayaraq, komanda növbəti mərhələni heç də gözəl oyunla təmin etmədi. Elə rumıniyalı baş məşqçi özü də mətbuat konfransında "Azarkeşlər üçün göz oxşayan oyun olmaya bilər. Amma bugünkü məqsədimiz bu deyildi” - fikirlərini səsləndirməklə oyunun gözəlliyini deyil, nəticəni fikirləşdiklərini işarə vermişdi. Bir az da aydınlaşdırsaq, adamın məqsədi bəllidir - anti-futbol hesabına da olsa nəticə qazanmaq. 
"Kəpəz”in məğlubiyyətini əslində sürpriz saymaq olmaz. "Qərb derbisi”ndə "Turan Tovuz”a uduzacaqları müəyyən mənada gözlənilən idi. Son vaxtlar Gəncə klubu ətrafında yaranan söz-söhbət, baş məşqçi Tərlan Əhmədovun komandanın təcrübəli üzvləri ilə yola getməməsi daxili ab-havanın qaydasında olmamasını göstərirdi. Komandadaxili ab-havanın pis olması isə şübhəsiz, oyuna təsir edir. Təcrübəli futbolçuların xidmətindən istifadə etmək istəməyən Əhmədovun öz inadının cəzasını çəkməsi isə normal qarşılanmalıdır…
"Sabah”ın son vaxtar göstərdiyi nəticələr ürəkaçan deyil. Əslində, "Səbail”ə məğlub olaraq mübarizədən kənarda qalan Bakı təmsilçisini sürpriz komanda adlandırmaq da mümkündür. Düzdür, mövsümə yaxşı başlamışdı, qələbələri sıralayırdı. Lakin zaman keçdikcə heç də sabit olmadıqlarıı görünür. Rəhbərlik həm komanda, həm baş məşqçi Murad Musayev haqda mif yaratmağa çalışsa da, boşluqlar aşkar şəkildə görünür və bu, "Sabah”ı digərləri kimi sıradan bir kollektivə çevirmək istiqamətində aparır. Son günlərdə ardıcıl uğursuzluqlar, baş məşqçi Murad Musayevin isə bunu yoluna qoymaq üçün çıxış yolu tapa bilməməsi əslində, çox şeydən xəbər verir. Klub prezidenti Maqsud Adıgözəlov hələ oktyabrda baş məşqçi Murad Musayevlə yeni müqavilə bağlanarkən komandanın inkişafda olduğunu demiş, rusiyalı mütəxəssisi ağızdolusu tərifləmişdi. Açığı, prezidentin hansı inkişafdan danışdığı hələ anlaşılmasa da, bunun bir məntiqi olduğuna inam var. Söhbət nəticələrdən gedirsə, "Sabah” heç də qeyri-adi, fantastik oyunla qələbə qazanmır. Ciddi şəkildə digərlərindən fərqlənmirlər. Komandanı ayaqda saxlayan kollektiv oyun, rəngarənglik deyil, ayrı-ayrı futbolçuların fərdi keyfiyyətləri, ustalığıdır. Hansı ki, onlardan biri "axsayan” kimi, komanda düzgün oynamağa belə çətinlik çəkir. Azərbaycan Premyer Liqasında son iki turdakı (bir məğlubiyyət və heç-heçə) nəticələr bir yana, kubokun 1/4 final mərhələsində, iki 90 dəqiqə ərzində "Səbail”ə uduzmaq artıq enişin başlanması anlamına gəlir. Ya da belə çıxır ki, "Sabah” Azərbaycan Kubokuna ciddi yanaşmayıb. Çox güman buna əsas verən də Premyer Liqanın turnir cədvəlində tutduqları mövqedir. Bəlkə də "yuxarıdan” "Azərbaycan Kuboku əhəmiyyət daşımır, əsas gücü ölkə birinciliyinə verin” - şəklində tapşırıq gəlib. Bütün bunları ümumiləşdirib belə qənaətə gəlmək mümkündür ki, kluba maliyyə ancaq nəticə qazanmaq üçün ayrılır. Yəni akademiya, inkişaf ön planda deyil. "Sabah” avrokuboklara vəsiqə qazansa belə ortaya sual çıxacaq -  komandanın Azərbaycanı lazımınca təmsil etməsi üçün yüksək potensialı, təcrübəsi varmı? Beynəlxalq arenada uzağı bir mərhələdən sonra "burnunu ovub” geri qaytarmayacaqlar ki? Düzdür, suallara indi cavab axtarmağa bəlkə ehtiyac yoxdur, lakin gələcək üçün narahatedici məqamlardır. 

"Sabah” düşünürdü ki, belə davam edəcək

Kubokun cavab görüşlərində qeydə alınan gözlənilməz nəticələrlə bağlı mütəxəssis Əfqan Talıbov da düşüncələrini bölüşüb. O, Qaynarinfo-ya açıqlamasında kubokda belə nəticələrin ortaya çıxmasının azarkeşlərdə maraq oyatdığını deyib, bununla yanaşı, qələbə qazananların nəticələrinin heç də təsadüfi olmadığını bildirir:

"Hər ölkədə olduğu kimi bizim də çempionatımızda sürpriz nəticələr ortaya çıxır. Bu da azarkeşlərdə maraq oyadır. Heç kim məğlubiyyətdən sığortalanmayıb. Ona görə də məsələn, İngiltərədə aşağı dəstə təmsilçisi gəlib Premyer Liqa komandasını məğlub edə bilir. Biz burda qalib komandaların mübarizələrinə şübhə ilə yanaşmamalıyıq. Təsadüf deyildi, mübarizə apardılar və qiymətləndirmək lazımdır. Komandalar kubokda qalib gəlməkdən ötrü əzmkarlıq göstərirlər. Premyer Liqada marafon uzundur deyə xal yığmaqla yerlər müəyyənləşir. Komandalar bu dəfə kuboka çox ciddi yanaşdılar. İlk oyunlardakı nəticəni qorumaq üçün əzmlə çalışdılar. İstəklərinə də çatdılar”.

Talıbov kubokun hər iki matçında "Səbail”ə məğlub olan "Sabah”a ayrıca toxunur:

"Sabah”ı mütəxəssislər çox təriflədi. Yığdıqları xal müsbət rəy formalaşdırdı. Ardıcıl qələbələr qazanırdılar. Elə bilirdilər ki, rəqiblər analiz etmir və onlardan xal almaq potensialına malik deyil. Düşünürdülər ki, belə davam edəcək. Ancaq kubok göstərdi ki, belə deyil. "Səbail”lə səfər oyununda meydançada 10 nəfər qalmışdı. Bunu anlamaq olar. Amma cavab matçında 11 nəfərlə oynadılar. "Qarabağ”ı anlamaq olar. Komandanın "vuran ayağı” 3-4 futbolçudur. Böyük yük alıblar. Yığmada, avrokuboklarda, ölkə kubokunda, çempionatda da oynayırlar. Onları başa düşmək olar. Yorğunluğun pik həddindədirlər. "Sabah” isə qalib gəlmək potensialını itirir. Aqressivlik əvvəllər var idi, indi probem yaranıb. Çünki komandalar "Sabah”ı yavaş-yavaş təhlil etməyə başlayıblar. Onlara qarşı necə oynamaq lazım olduğunu bilirlər. İkinci yer "Sabah”da rahatlıq yaratmamalıdır. Bir oyundan sonra fasiləyə yollanacaqlar. Çətin olacaq. "Sabah”ı anlamaq olmur. "Qəbələ” Utziqin zədəsini sağaltmasından sonra daha da güclənib. Kuboka ciddi yanaşırlar. "Sabah”ı növbəti turda Sumqayıtda çox çətin oyun gözləyir. "Sumqayıt” özünə gəlib. Baş məşqçi Murad Musayevin açıqlamasına görə, son vaxtlarda komandada aqressivlik, son nöqtəni qoymaq məsələsi zəifləyib. Özü də etiraf edir ki, xal itkilərinə məruz qalırlar. Əslində, hamı eyni taktika ilə oynayır. Rəqib futbolçuların potensiallarını analiz edirlər. Günah özlərindədir. Etiraf etmək lazımdır ki, oyunçuların müəyyən dərəcədə ustalıq səviyyələri var. Hücum xəttində Apehin, Mikelsin, Volkovun, sağ cinahda Kaşukun, solda Letiçin təcrübələri çoxdur. Sadəcə intizamsızlıq, vərqələrin çoxluğu xal itkilərinə gətirib çıxardı. İnamsızlıq yarandı. Üstəlik rəqiblər də yaxşı müdafiə olunur və komandanın təcrübəli futbolçularına boşluqlar verməməyə çalışır. Yəqin ki, legionerlər biletlərini alıb, fikirləri evə qayıtmaqdır. Gərginlik var, xal yığa, uzun müddət qələbə qazana bilmirlər. Kubok da əllərindən çıxdı. Fasilədən yararlanıb bərpa olunmalıdırlar, intizam məsələsinə də ciddi yanaşmalıdırlar”.

Mütəxəssis fasilədən sonra Premyer Liqa matçlarının daha maraqlı keçəcəyini bildirir:

"Kubok onu göstərir ki, Premyer Liqa da fasilədən sonra maraqlı keçəcək. İkinci "beşlik”də yerdəyişmələr hər oyun baş verəcək. Qələbə qazananlar yuxarı, uduzanlar aşağı pillələrə düşəcək. Fasiləyə qədər bir tur qalıb, çox gərgin keçəcək. Hakimlər də müəyyən dərəcədə oyunlara imkan verməlidir. Futbolçulara başa salmalıdırlar ki, vaxt hesablanır, marağı itirməyə, uzanıb meydanda qalmağa ehtiyac yoxdur”.

Səbuhi Həsənov