Azərbaycanda bu ödənişlər üztanıma ilə olacaq (VİDEO)
Azərbaycanda bəzi ödənişlər üztanıma ilə həyata keçiriləcək.
Bu sözləri "XəzərXəbər"ə açıqlamasında Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən "AzinTelecom" MMC-nin mətbuat xidmətinin əməkdaşı Amin Nəzərli deyib.
Xezerxeber.az-ın məlumatına görə, o, bildirib ki, yaxın gələcəkdə SİMA platformasına daxil olan digər bir məhsul - "SİMA Pay" vasitəsilə üz ilə ödəniş xidməti istifadəyə veriləcək. Azərbaycanda bu bir ilk olacaq. İnsanlar öz üzlərini kameraya tanıtmaqla ödəniş edə biləcəklər. Bu, ilk növbədə dəmir yollarında tətbiq ediləcək. Hər bir insan üzü vasitəsilə qeydiyyatdan keçib ödəniş kartını əlavə edəcək.
Dəmir yollarında bu sistemin tətbiqindən sonra ictimai nəqliyyatın digər növlərində, eləcə də ictimai iaşə obyektlərində də eyni prosesin reallaşdırılması planlaşdırılır.
Amin Nəzərli deyib ki, bəzi ödənişlərin üztanıma ilə həyata keçirilməsi istiqamətdə hazırlıq işlərinin görülməsinə başlanılıb.
Həmçinin qeyd olunub ki, yaxın zamanda "SİMA imza" ilə bir çox vergi xidmətlərinin elektronlaşdırılması da nəzərdə tutulur.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər