Xəbər lenti

Siyasət 10:25 05.09.2023

Azərbaycanda “eks-prezident müavinəti” heç kimə verilmir (SƏBƏB)

Azərbaycanın keçmiş dövlət başçılarından heç birinin ailəsi qanunla müəyyən edilmiş "eks-prezident müavinəti” almır.

Modern.az saytı bunu "Azərbaycan Respublikasının keçmiş prezidentinin və onun ailə üzvlərinin təminatı haqqında” Konstitusiya qanuna istinadən xəbər verir.

Qeyd edək ki, əvvəllər prezident olmuş şəxsin və onun ailə üzvlərinin təminat qaydaları "Azərbaycan Respublikasının keçmiş prezidentinin və onun ailə üzvlərinin təminatı haqqında” Konstitusiya qanunu ilə müəyyənləşib. Bu qanunun 2-ci maddəsinə görə, keçmiş prezident hazırda Azərbaycan Respublikasının Prezidenti vəzifəsində olan şəxsin  aylıq əmək haqqının əlli (50 %) faizinə bərabər tutulan aylıq pensiya almalıdır.

Qanunun 3-cü maddəsinə görə isə keçmiş prezident vəfat edibsə, onun ailəsinə keçmiş prezidentə ödənilməli olan aylıq pensiyanın əlli (50%) faizinə bərabər tutulan aylıq müavinət ödənilməlidir. 

Azərbaycanın eks-prezidentlərinin hamısı - Ayaz Mütəllibov, Əbülfəz Elçibəy və Heydər Əliyev dünyasını dəyişib.

Sözügedən qanuna görə, sabiq dövlət başçıları dünyasını dəyişdiyi halda, onların həyat yoldaşı müəyyən edilən məbləğdə "eks-prezident müavinəti” ala bilər.

Məsələ burasındadır ki, mərhum dövlət başçılarının həyat yoldaşları da vəfat ediblər.

Bu halda "eks-prezident müavinəti” övladlara verilə bilər. Amma bir şərtlə ki, övladlar 18 yaşını keçməmiş olsunlar.

Azərbaycanın hər üç eks-prezidentinin övladları 18 yaşını çoxdan tamamlayıblar.

Qanuna görə, eks-prezident övladları yalnız bir halda sözügedən müavinəti 18 yaşdan sonra ala bilər. Əgər dünyasını dəyişən eks-prezidentin I qrup əlilliyi olan övladı varsa, ona müavinət verilməsi davam etdirilir.

Keçmiş prezidentylərin övladları arasında əlilliyi olan şəxslər olmadığından, belə demək olar ki, hazırda Azərbaycanda "eks-prezident müavinəti” heç kimə verilmir.

Xatırladaq ki, eks-prezident ailələrindən ikisi zamanında bu qanundan yararlanıb.

Belə ki, sabiq dövlət başçısı Ayaz Mütəllibov eks-prezidentlərlə bağlı qanunun qüvvəyə mündiyi vaxtdan - 2012-ci ilin iyunundan vəfat etdiyi günədək - 2022-ci ilin martınadək (20 il) ölkə başçısının aylıq əmək haqqının əlli (50 %) faizinə bərabər tutulan aylıq pensiya alıb.

Elçibəy ailəsi isə "eks-prezident müavinəti”ni 7 il - 2012-ci ilin iyunundan 2019-cu ilin iyununadək alıb. Əbülfəz Elçibəyin həyat yoldaşı Həlimə Əliyeva 2019-cu ilin iyununda vəfat edəndən sonra sözügedən müavinət dayandırılıb.

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?