Ölkə 12:55 30.04.2022

Azərbaycanda fikir və söz azadlığı: Üç aspektdən baxış... (RƏYLƏR)

(Yazı "Fikir, söz və məlumat azadlığının, plüralizmin inkişaf etdirilməsi" mövzusu üzrə hazırlanıb)

Bir cəmiyyətin yetişməsi və inkişafı üçün orada insanların fikir və düşüncələrini azad ifadə etmək, onlara lazım olan məlumatları vaxtında, doğru düzgün əldə etmək üçün məlumat azadlığı təmin olunmalıdır. Bu azadlıq həm də insan hüquq və azadlıqlarının bir parçasıdır. Bu məsələnin vacib məsələ olduğu şübhə belə doğura bilməz. Çünki daimi inkişafa doğru can atan insan fikir, söz, məlumat azadlığı olmadan tərəqqiyə nail ola bilməz.

Həm də fikir və söz azadlığı demokratiyanın əsas göstəricilərindən bir sayılır. O ölkə inkişafa doğru gedir ki, ora da vətəndaşların fikirləri azad ifadə eləməyi, azad və rahat şəkildə məlumat almağı təmin olunur. Bu istiqmətdə media nümayəndələrinin üzərinə də böyük vəzifələr düşür. Ancaq bu gün bu sahədə vəziyyət necədir? Media nümayəndələri informasiyanı rahat əldə edə, yaza, ictimaiyyətə çatdıra bilirlərmi?

Müstəqil Azərbaycan dövləti də bu istiqamətdə bu günə qədər xeyli işlər görüb. Bəs bütün bu məsələlər hansı hüquqi qaydalarla tənzimlənir?

Qaynarinfo məsələni hüquq elmləri üzrə fəlsəfə doktoru, Beynəlxalq Media Hüquqşünasları Assosiasiyasının üzvü Səyyad Məcidovla müzakirə edib.

"Azərbaycan Avrasiya məkanında əsas söz sahibidir"

Səyyad Məcidov bildirib ki, informasiya cəmiyyətlərinin fundamental prinsipi fikri ifadə azadlığının, söz və media azadlığının təmin olunması meyarıdır:"Bu prinsip təmin olunmadan demokratiya və plüralizm, azad cəmiyyətin tərəqqisi də mümkünsüzdür. Bunun üçün ilk növbədə bu sahəni tənzimləyən qanunların qəbul olunması və dövlət tərəfindən səmərəli həyata keçirilməsi zəruridir”. 

Hüquqşünas əlavə edib ki, Azərbaycanda bu sahədə ilkin təminat Konstitusiyamıza əsaslanır. Əsas Qanun ölkəmizdə fikir və söz azadlığının təməl prinsiplərini müəyyən edir: "Bu gün Azərbaycanda söz və fikir azadlığının təminatı, xüsusilə media sektorunun inkişafı üçün ciddi addımlar atılır, bu istiqamətdə əsaslı nailiyyətlər əldə edilib, çoxsaylı qanunvericilik normaları qəbul olunub, institusional mexanizmlər və bu sahənin inkişafına təkan verən yeni qurumlar formalaşdırılıb”. 

Ekspert onu da bildirib ki, bu gün fikri ifadə azadlığı kontekstində ölkəmizdə beynəlxalq təcrübəyə əsaslanan yeni tendensiyalar da ortaya qoyulur: "Artıq indi söz və fikir azadlığının təmin olunması, medianın inkişaf etdirilməsi istiqamətində görülən işlərdə Azərbaycan Avrasiya məkanında əsas söz sahibidir. Ölkəmiz azad virtual məkan, internetə sərbəst çatım imkanları, sosial şəbəkələrin genişmiqyaslı inkişaf dinamikası, söz azadlığının təmini və bu sahədə səmərəli normativ hüquqi bazanın mövcudluğu baxımından lider dövlətlərdən hesab edilir”. 
 
 


Söz azadlığı nədir? Bu gün media nümayəndələri hansı fikirlərini sərbəst ifadə edə bilər? Bunun üçün ölkədə olan qanunlar onlara hansı azadlığı verir və s. haqqında da danışan ekspert bildirib ki, söz azadlığı həm də insan hüquq və azadlıqlarının müdafiəsi kontekstində demokratik-hüquqi mexanizmlərin mövcudluğunun əsas şərtlərindəndir:"Söz azadlığı bizim cəmiyyətdə ictimai fikri, dövlətə inamı formalaşdırır və koordinasiya edir. Təqdirəlayiq haldır ki, son dövrlər Azərbaycanda media milli maraqlar kontekstində hər zaman vahid mövqe sərgiləyir, dövlətin mənafeyi naminə birlik nümayiş etdirir. Biz bunun bariz nümunəsinin II Qarabağ savaşı - Vətən müharibəsi zamanı bir daha şahidi olduq. Ona görə də bu gün qətiyyətlə demək olar ki, Azərbaycanda söz, fikir və media azadlığının durumu müasir informasiya texnologiyalarının sürətli inkişaf dinamikasına adekvat olaraq tamamilə qənaətbəxş hesab edilə bilər”.

nformasiya azadlığı üzrə çox mühüm addımlar atılıb"

Dövlətin bu istiqamətdə gördüyü işlərdən də danışan hüquqşünas bildirib ki, söz və fikir azadlığı həm də hüquqi dövlətin mühüm meyarıdır. Ona görə də dövlətimiz tərəfindən bu istiqamətdə konseptual fəaliyyət həyata keçirilir, genişmiqyaslı işlər görülür: "Təsadüfi deyil ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 30 dekabr 2021-ci ildə Media haqqında Qanun imzalanmış və bu qanunla media sahəsində fəaliyyətin təşkilati, hüquqi və iqtisadi əsasları müəyyən edilmiş, informasiya azadlığı üzrə çox mühüm addımlar atılıb”.  

Səyyad Məcidov deyib ki, bundan başqa söz, informasiya və fikir azadlığının təmin olunması üzrə mükəmməl milli normativ hüquqi baza, o cümlədən "Məlumat azadlığı haqqında”, "Fərdi məlumatlar haqqında”, "İnformasiya əldə etmək haqqında”, "İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” qanunlar, media sahəsini tənzimləyən digər normativ hüquqi aktlar qəbul edilib, habelə bu istiqamətdə bir sıra beynəlxalq müqavilələr ratifikasiya olunub.
Ekspert onu da əlavə edib ki, Azərbaycanın dünya informasiya məkanına daxil olması, media fəaliyyətinin müasir dövrün tələblərinə uyğunlaşma ehtiyacı nəzərə alınaraq, "Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası” da təsdiq edilib, bu sənəd fikir, söz və məlumat azadlığının, plüralizmin daha geniş təmin olunması üçün əlavə bir imkan yaradıb.

Söz və fikir azadlığı, media sahəsində dövlətin əsas vəzifələrindən söhbət açan müsahibimiz bildirib ki, dövlət tərəfindən ilk növbədə bu sahədə fikir azadlığı, hər kəsin informasiya ilə təmin olunması üçün şərait yaratmaq qanunun tələbidir. Eyni zamanda, informasiya istifadəçilərini, xüsusilə də uşaqları zərərli informasiyanın təsirlərindən qorumaq, medianın inkişafını təşviq etmək, media sahəsində rəqabət mühitini təmin etmək, media subyektlərinin və jurnalistlərin fəaliyyəti üçün bərabər imkanlar yaratmaq dövlətin qanunla müəyyən olunan əsas vəzifələrindən hesab edilir.

O deyib ki, bütün bu vəzifələrin reallaşdırılması üçün ölkə Prezidentinin "Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” 2021-ci il 12 yanvar tarixli Fərmanı ilə Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyi (MEDİA) yaradılıb. Bu qurumun yaradılması ilə qeyd olunan sahədə dövlət siyasətinin formalaşdırılmasında və həyata keçirilməsində yeni üfüqlər açılıb, fikir, söz və məlumat azadlığının, plüralizmin təmin edilməsi, media subyektləri ilə cəmiyyət və dövlət arasında münasibətlərin tənzimlənməsi üzrə hazırda mühüm işlər görülməkdədir.

Eyni zamanda vurğulamaq lazımdır ki, dördüncü hakimiyyət hesab olunan media dünyada səmərəli idarəetmənin və informasiya açıqlığının mühüm vasitəsi hesab edilir. Bu gün ölkəmizdə medianın azad fəaliyyəti və inkişafı üçün görülən zəruri tədbirlər bu sahədə müstəqillik və sərbəstlik imkanları diktə edir. Dövlətçilik və milli maraqlar, həm də qlobal trendlər üçün geniş imkanlar yaradır.

"Media çalışmalıdır ki, söz və fikir azadlığının sərhədləri daima genişlənsin"

Bəs jurnalistika sahəsində olan şəxslər informasiyanı əldə etməkdə, yaymaqda hansı çətinliklərlə qarşılaşır? Bugünkü reallığı necə qiymətləndirir və s. kimi məsələləri şair-publisist Aqşin Yenisey ilə müzakirə etmişik. 

O bildirib ki, bizdə söz və fikir azadlığı məslələsi inkişaf etmiş ölkələrə nisbətən zəif, üçüncü dünya ölkələrinə nisbətən yaxşıdır.
 
 

Mediamızda, təxminən, azadlığın hüdudları müəyyən olunub və qırımız xətlər sözə və fikrə xidmət edən adamların hamısına bəllidir. Bu azadlığın hüdudlarına bürokratik nəzarətlə yanaşı cəmiyyətin də özünəməxsus nəzarət ölçüləri mövcuddur. Yəni cəmiyyət də qələm əhli üçün öz sərhədlərini cızıb: "Hətta bəzi hallarda cəmiyyət hakimiyyət orqanlarından daha kəskin tərəf kimi çıxış edə bilir. Yuxarıların eşitmək istəmədiyi fikilər olduğu kimi, aşağıların da oxumaq, eşitmək istəmədiyi fikirlər var. Bizim yazı adamı hər iki cəbhənin mövqeyinə uyğun azadlığını müəyyən etməlidir. Keçən əsrin əvvəllərində olduğu kimi. Həm qoçunun mövqeyini nəzərə almalıyıq, həm pristavın”.  

Bu məsələdə bizə, yəni medianın üzərinə hansı vəzifələr düşür sualını cavablandıran Aqşin Yenisey bildirib ki, burda əsas məsələ prinsipiallıq göstərməkdir: "Media da çalışmalıdır ki, söz və fikir azadlığının sərhədləri daima genişlənsin. Ümumiyyətlə, bu məsələ ictimai şüurun səviyyəsindən çox asılıdır. Düzdür, bu gün sosial şəbəkələrdə söz və fikir azadlığı, az qala, sərhədsizdir, amma təəssüf ki, bizim sosial şəbəkələrimizdə də söz və fikrə daha az rast gəlinir. Sosial şəbəkələrimizdə daha çox kütlənin maraqlarına hesablanmış, günlük düzxətli fikirlər at oynadır. Bundan başqa mediamız, demək olar ki, mətbuatın maarifləndirici funksiyasını unudub. Bu da cəmiyyətin ümümi səviyyəsində geriləmənin inkişafına gətirib çıxarıb”.
 
"Mətbuat xidmətləri operativ reaksiya verməlidir"
 
Report İnformasiya Agentliyinin baş redaktor müavini Pərvin Abbasov isə jurnalistlərin informasiya alarkən qarşılaşdığı çətinliklər barədə danışarkən bildirib ki, bu problem dövlət və özəl qrumlarla işləyərkən fərqli olur. 
 
 

"Dövlət qrumları ilə bağlı informasiyanı necə əldə edirsiniz, burda hansı çətinliklər qarşılaşırsınız” suallarını cavablandıran Pərvin Abbasov bildirib ki, bəzi dövlət qrumları (son illərdə onların sayı da çoxalıb) sorğuların yazılı şəkildə olmasını istəyirlər: "Düzdür, mən də razıyam ki, suallar bəzi hallarda yazılı şəkildə göndərilməlidir, amma heç də bütün suallar yazılı şəkildə göndərilə bilməz. Elə məsələlər olur ki, ona mətbuat xidmətləri operativ reaksiya verməlidirlər. Lakin buna baxmayaraq, son illərdə mətbuat katibləri arasında belə bir tendesiya formalaşıb ki, mütləq bütün suallar yazılı şəkildə göndərilməlidir”.

O bildirib ki, dövlət qrumları ilə sorğudan danışırıqsa, xüsusi ilə bunu da vurğulamaq lazımdır ki, mətbuat ximətləri sorğulara cavab verərkən onu ümumi şəkildə yayırlar. Yəni jurnalist sorğunu verir, dövlət qrumu isə sualın cavabını ümumi şəkildə hamıya yayır. Bu da qəti şəkildə doğru deyil, ilk sualı verən jurnalistin zəhmətinin itməsinə səbəb olur. 

Pərvin Abbasov bildirib ki, özəl qrumlarla sorğu zamanı da problemlə qarşılaşırlar: "Belə ki, özəl qrumlarla bağlı hansısa bir xəbər, material hazırlayarkən, ya həmin qrumdan telefonlara cavab verilmir, ya da məlum olur ki, həmin qrumun mətbuat katibinin əlaqə nömrəsi nə həmin özəl şirkətin saytında, nə də Facebook ünvanında var. Belə olan halda biz o qrumlardan cavab ala bilmirik. Yaxud da verdikləri cavab həddən artıq gec olur. Bu da materialın operativ şəkildə hazırlanmasına mane olur”.

Günay İlqarqızı
 
Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.