Ekonomiks 18:06 13.03.2023

Azərbaycanda turizm sektorunda niyə bu qədər bahalıqdır? - Ekspert

"Azərbaycanda daxili turizmin inkişafı çox aşağı səviyyədədir, demək olar, inkişaf  etməyib”.

Bunu Qaynarinfo-ya açıqlamasında əmlak eksperti Elnur Əsədov Milli Məclisin deputatı Vüqar Bayramovun "turizmdə qiymətlərin yüksək olmasının əsas səbəbləri”ylə bağlı fikirinə münasibət bildirərkən deyib. Onun fikrincə, turizm bölgələri xırda, ailəvi istirahət evləri ilə kifayətləniblər ki, onların da öz problemləri var:

"Onlar da adətən şənbə-bazar, bayram günləri və yay mövsümündə daha çox müştəri qəbul edir. Azərbaycanda turizmin inkişafı ilə bağlı müəyyən problemlər var. Ulduzlu otellərin hansı kateqoriyaya, yəni ulduzlara cavab verməsi başqa ölkələrlə nisbətdə bir az beynəlxalq standartlardan seçilir. Bizim otellər həmin tələblərə cavab vermir. Hər hansı bir otel inşa ediləndə sahibkar ulduzlarının sayını çox etməklə cəlbedici olmasına çalışır. Daha bir məsələ var, regionlarda istər-istəməz otellərin bir hissəsi xaricdən gələn əcnəbilər üçün nəzərdə tutulub. Daha çox da ərəb ölkələrinin turistləri... Onlar Azərbaycana gələndə ulduz məsələsinə diqqət edirlər, hansı kateqoriyalı ulduz olduğunu araşdırırlar”. 

Elnur Əsədovun fikirincə, otellərin idarəetmə xərcləri də az deyil:

"Mövsümlə bağlı otellər rentabelli işləyir. İlin başqa dövrlərində otellər bir o qədər də işləmir. Servis, bələdçilərin bilik səviyyələri də tələb olunan dərəcədə deyil. Otellərin özlərinin sertifikasiyası yoxdur. Bunlar bir-birinə bağlı olan məsələlərdir”.  

Qeyd edək ki, deputat Vüqar Bayramov Azərbaycanda turizmdə qiymətlərin yüksək olmasının əsas səbəblərini açıqlayıb. Deputat bildirib ki, əsas problem 1, 2 və ya ulduzsuz hotellərin sayının az və bu sahədə rəqabətin zəif olmasıdır:

"Bu baxımdan, çoxulduzlu hotellərlə bərabər, 1 və 2-ulduzlu otellərin tikilməsi oludqca vacibdir. Belə hotellərin qiyməti daha aşağı olur və daha çox turistlər cəlb edir. Təəssüf ki, bu gün ölkəmizdə sahibkarlar daha çox 4-5-ulduzlu, bahalı hotellərin tikintisinə maraq göstərirlər”.

Bahar Rüstəmli