Xəbər lenti

Azərbaycanın ən yaşlı sakini Lənkəranda yaşayır - FOTO
Ölkə14:34 26.03.2017

Azərbaycanın ən yaşlı sakini Lənkəranda yaşayır - FOTO

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Azərbaycan Milli Elmlər Akademiyası ölkənin ən yaşlı sakininin adını açıqlayıb. Belə ki, Akademiyanın Fiziologiya İnstitutunun apardığı tədqiqatlar nəticəsində müəyyən olunub ki, hazırda Azərbaycanın ən yaşlı sakini Lənkəran rayonunun Gərmətük qəsəbəsində yaşayan 104 yaşlı Vəsmə Abbasovadır.
Şəxsiyyət vəsiqəsinə əsasən Vəsmə nənənin 106 yaşı var.
"Qayanar" İstipress-ə istinadən xəbər verir ki, Vəsmə Abbasovanın 7 övladı, 25 nəvəsi, 27 nəticəsi, 5 kötücəsi var. O, ailəsində yaşayan 65 nəfərin hamısını yaxşı tanıyır. Özünü müstəqil idarə edən ağbirçək ev işlərini görməkdən qalmır. Gözləri zəiflədiyindən tikişlə məşğul olmaqda çətinlik çəkməsinə baxmayaraq, Vəsmə nənə ömründə  heç vaxt yataq xəstəsi olmayıb,heç bir dərman preparatı qəbul etməyib. İldə 2 dəfə həkimlərin nəzarəti ilə o, yalnız vitamin müalicəsi qəbul edir.
Vəsmə Abbasova onların nəsillərinin uzunömürlü olduğunu bildirib. Onun sözlərinə görə,  anası 111 il, bacısı isə 91 il ömür sürüb.
Lənkəran rayonunun Gərmətük qəsəbəsinin digər bir sakini Kafiyə Babayeva da uzunömürlülər siyahısında yer alıb. 96 yaşı olan bu ağbirçək uzunömürlülüyün səbəbini zəhmətsevər həyat tərzini seçməsində və düzgün qidalanmaqda görür. Onun sözlərinə görə, 15 yaşından 70 yaşına kimi kolxoz-sovxoz təsərrüfatında əmək fəaliyyəti göstərib. Çəltik, kartof, pomidor əkib-becərib. Kafiyə nənə hər səhər də süd içdiyini, duru xörəklərə daha çox meyl göstərdiyini bildirib.  
Ağbirçək bu gün də evdə təsərrüfat işləri ilə məşğul olur, təndirdə çörək bişirir.
Lənkəran rayonunda hazırda yaşı 90-ı keçənlərin sayı 107 nəfər təşkil edir.
Qaynar.Az