"Macarıstanla imzalanan qaz anlaşması Bakının mövqeyinin daha da güclənməsinə səbəb olacaq”.
Bunu Qaynarinfo-ya açıqlamasında neft-qaz məsələləri üzrə ekspert İlham Şaban Bakı ilə Budapeşt apasında Azərbaycan qazının Macarıstana nəql həcminin 1 milyard kubmetrə çatdırılması barədə əldə edilən sazişi şərh edərkən deyib.
"Burada hansısa qeyri-adi bir məsələ yoxdur. Budapeştin son iki ildə verdiyi bəyanatlar, SOCAR-la bu ölkənin müvafiq təsərrüfat subyekti MVM arasında imzalanan memorandum, kommersiya sazişləri göstərir ki, Rumıniyadan sonra Azərbaycan qazını alacaq ikinci əhəmiyyətli ölkə Macarıstan olacaq”, deyə ekspert bildirib.
İlham Şaban qeyd edib ki, Macarıstan Azərbaycandan minimum 1 milyard kubmetr qaz almaqla bağlı açıqlamaları dəfələrlə gündəmə gətirib. İlham Əliyevin Budapeştə səfəri çərçivəsində onun reallaşması da göstərir ki, artıq hər iki tərəf deyilən bəyanatları reallaşdırmağa başlayıblar:
"Azərbaycan qazının Macarıstana nəql həcminin 1 milyard kubmetrə çatdırılması fonunda bir tərəfdən ölkəmizin maliyyə imkanları genişlənəcək, digər tərəfdən də Bakının bu ölkədə əhəmiyyəti bir qədər də artacaq".
Qeyd edək ki, avqustun 20-də Azərbaycan Prezidenti İlham Əliyevin Budapeştə səfəri çərçivəsində Macarıstanın baş naziri Viktor Orban ilə görüşü olub. Görüş əsnasında Azərbaycan ilə Macarıstan arasında enerji, o cümlədən neft-qaz sahəsində əməkdaşlığın uğurla inkişaf etdiyi qeyd olunub, Azərbaycan qazının Macarıstan bazarına çatdırılmasının əhəmiyyəti vurğulanıb.
Qida sənayesi sahəsində Macarıstanın Azərbaycana investisiya qoyuluşu, əczaçılıq sənayesi sahələrində əməkdaşlıqla bağlı əldə olunmuş müsbət dinamika qeyd edilib, Macarıstan aviadaşıyıcısı vasitəsilə Bakı-Budapeşt reyslərinin həyata keçirilməsinin önəminə toxunulub.
Budapeşt və Bakı arasında siyasi saziş imzalanıb və bu sazişə əsasən, Azərbaycan qazının Macarıstana nəqlinin həcmi təqribən 1 milyard kubmetrə çatdırılacaq. Eyni zamanda, Macarıstan rezervuarlarında 50 miyon kubmetr Azərbaycan qazının saxlanmasına dair razılaşma da əldə edilib. Macarıstanın MVM CEEnergy enerji şirkəti ilə Azərbaycanın neft-qaz şirkəti SOCAR arasında 2023-cü ilin sonuna qədər Macarıstana ildə 2 milyard kubmetrə qədər mümkün artımla 100 milyon kubmetr qaz tədarük edilməsi haqqında saziş imzalanıb.
Rüfət Sultan