Xəbər lenti

İdman 12:30 19.07.2023

Azərbaycanın olimpiya ümidi Budapeşt zəfərindən danışdı

Macarıstanın paytaxtı Budapeştdə keçirilən güləş üzrə reytinq turnirinə yekun vurulub. Reytinq turnirinin qalibləri arasında azərbaycanlı güləşçi Həsrət Cəfərov da (67 kq) yer alıb. 

O, qazaxıstanlı Din Qoşqara (12:3), rumıniyalı Mihay Mihuta (3:1) və koreyalı Hansu Ryuya (5:1) qalib gələrək finala yüksəlib. Həsrət həlledici görüşdə Avropa çempionatının finalında məğlub etdiyi gürcüstanlı Coni Xetsuriani ilə qarşılaşıb. Bu dəfə də rəqibindən güclü olan Cəfərov 6:1 hesablı qələbəylə turnirin baş mükafatına yiyələnib.

Azərbaycanın Paris olimpiadasında böyük ümidlər bəslədiyi Həsrət Cəfərov hisslərini Qaynarinfo-ya bölüşüb: 

"Yarışa yaxşı hazırlaşmışdım. Turnirdə yetərincə güclü idmançılar çıxış edirdi. 4 görüş keçirdim. Çətin görüşlərim oldu. Rəqiblərimdən biri olan koreyalı güləşçi ikiqat dünya çempionu idi. Finalda isə gürcü idmançıya qalib gəldim. Artıq 4-cü dəfə idi onunla qarşılaşırdım. Bir-birimizin güləş fəndlərinə bələdik. Ona görə görüş biraz çətin keçdi. Ancaq buna baxmayaraq, Allaha şükürlər olsun ki, qalib gəldim. Hazırda Macarıstanda təlim-məşq toplanışı keçirik. Dünya çempionatı çətin olacaq. Ona görə də yaxşı hazırlaşmaq lazımdır".

Qeyd edək ki, Paris-2024 Yay Paralimpiya Oyunların 28 avqust-8 sentybar tarixləri arasında keçiriləcək.

Röya Kərimli

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->