Xəbər lenti

Azərbaycanın Qərb və Rusiya üçün artan rolu
Siyasət11:46 28.07.2022

Azərbaycanın Qərb və Rusiya üçün artan rolu

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Rusiya-Ukrayna müharibəsi başlayandan sonra Cənubi Qafqazda da əsas güc mərkəzlərinin maraqlarının yenidən qurulacağı (Rusiya, ABŞ və s.), region ölkələrində ciddi dəyişikliklərin baş verəcəyi proqnozlaşdırılırdı. Artıq qeyd etmək olar ki, bu prosesin əsas nəticələrindən biri Azərbaycanın rolunun həm Qərb, həm də Rusiya üçün əhəmiyyətli dərədə artmasıdır.
Belə ki, son həftələrdə Bakının Avropa və Rusiya ilə münasibətlərdə artan çəkisini nümayiş etdirən bir sıra proseslər baş verdi. İyulun 18-də Avropa Komissiyasının sədri Ursula von der Leyen Bakıya səfər edərək, Azərbaycanla Avropa İttifaqı arasında enerji sektorunda strateji əməkdaşlığa dair anlaşma memorandumu imzalayıb. Həmin memoranduma əsasən, Azərbaycan 2027-ci ilə qədər Avropaya tədarük etdiyi qazın həcmini iki dəfə artıraraq ildə 20 milyard kubmetrə çatdıracaq. Memorandumun imzalanması mərasimindən sonra von der Leyen Azərbaycanı Rusiyanın karbohidrogen ehtiyatlarından imtina prosesində əsas tərəfdaş adlandırıb. 
O, xüsusilə qeyd edib: "Bu gün biz bu anlaşma memorandumu ilə Rusiya karbohidrogenlərindən imtina etmək səylərimizdə əsas tərəfdaş olan Azərbaycanla enerji sahəsində əməkdaşlığımızda yeni səhifə açırıq. Biz təkcə Cənub Qaz Dəhlizi vasitəsilə Avropa İttifaqına etibarlı və sabit qaz tədarükünü təmin edən mövcud tərəfdaşlığımızı gücləndirməyi planlaşdırmırıq. Biz, həmçinin, enerji səmərəliliyi və təmiz enerji məsələlərində uzunmüddətli tərəfdaşlığın əsasını qoyuruq, çünki hər ikimiz də bununla Paris Sazişinin məqsədlərinə nail oluruq”.
Enerji ekspertlərinin əksəriyyəti Avropa İttifaqı ilə Azərbaycan arasında imzalanmış bu memoranduma kifayət qədər inamla yanaşır. Çünki Azərbaycan memorandumda göstərilən həcmdə Avropaya qaz tədarükünü artıracaq və üstəlikdə 2027-ci ilə qədər Aİ-yə tədarük etdiyi qazın həcmini ümumilikdə iki dəfə artırlması üçün ciddi addımlar atacaq. Bununla belə, aydındır ki, Avropa İttifaqı üçün Azərbaycanla əməkdaşlıq enerji sektorunda Rusiya qazından asılılığın azaldılması və ya ondan imtina kimi daha geniş prosesdə vacib komponentdir. Bu mənada Rusiya-Ukrayna müharibəsi başlayandan sonra Bakının Brüssel üçün çəkisinin xeyli artdığı danılmazdır. 
Aydındır ki, Azərbaycanın əhəmiyyəti Rusiya üçün də xeyli artıb. Məlum olduğu kimi, Rusiya-Ukrayna müharibəsi başlamazdan iki gün əvvəl Moskva ilə Bakı arasında müttəfiqlik əməkdaşlığı haqqında bəyannamə imzalanıb və bu bəyannamə ilə iki ölkə arasında münasibətlər müttəfiqlik səviyyəsinə qaldırılıb.
Son aylar Moskvanın təşəbbüsü ilə Rusiya və Azərbaycan arasında münasibətlər daha da yaxınlaşıb. Ukrayna böhranı ilə əlaqədar Azərbaycanda anti-Rusiya ab-havası yaransa da, Rusiya Azərbaycanla daha sıx münasibətlər siyasəti yürütmək niyyətinə düşüb. Xarici işlər naziri Sergey Lavrovun Bakıya səfəri və Qarabağ münaqişəsi ilə bağlı bəyanatlar verməsi olub.
Digər ühüm hadisə Rusiyanın Azərbaycandakı səfiri Mixail Boçarnikovun Şuşaya səfəri olub. Bu, ATƏT-in Minsk Qrupunun həmsədri olan ölkənin diplomatının Şuşaya ilk səfəri idi. Bundan əvvəl Rusiyanın "Rossiya 1” telekanalının komandası da Şuşada olmuş və şəhərdən reportaj hazırlamışdı. Məllumdur ki, "Rusiya 1” telekanalı da dövlət mediasıdır və səfər siyasi qərarın nəticəsi idi.
Moskva ilə Bakının yaxınlaşmasının digər göstəricisi Rusiya Xarici Kəşfiyyat Xidmətinin rəhbəri Sergey Narışkinin Azərbaycana səfəri və kəşfiyyat sahəsində əməkdaşlıq haqqında saziş imzalaması olub.
Bütün bu proseslər Azərbaycanın Rusiya üçün artan əhəmiyyətini göstərir. Bunun əsas səbəbi Ukrayna müharibəsi səbəbindən Qərbin sanksiyaları altında olan Rusiyanın öz məhsulları üçün yeni ixrac bazarları tapmağa çalışmasıdır. Bu məqsədə çatmaq üçün Moskva Azərbaycan və İran ərazisindən Rusiyanı Hindistanla birləşdirəcək Şimal-Cənub nəqliyyat dəhlizini aktivləşdirməyə çalışır. Bu mövzu Azərbaycan tərəfi ilə son təmaslarda əsas əhəmiyyət kəsb edir.
Belə ki, iyulun 20-də Rusiya və Azərbaycanın xarici işlər nazirləri arasında telefon danışığı olub və söhbət zamanı Şimal-Cənub dəhlizi məsələsinə də toxunulub. Artıq iyulun 26-da Rusiyanın nüfuzlu "Vedomosti” yazıb ki, qəzeti Rusiya Şimal-Cənub nəqliyyat dəhlizinin inkişafı üçün 2030-cu ilə qədər İrana 1,5 milyard dollar ayrılması tövsiyyə olunur. Bu vəsaitlə Azərbaycanın Astara şəhərini İranın Rəşt şəhəri ilə birləşdirən dəmir yolunun çəkilməsi planlaşdırılır ki, bu da Şimal-Cənub dəhlizinin aktivləşməsində böyük əhəmiyyət kəsb edəcək.
Aydındır ki, Azərbaycan-Ermənistan münaqişəsində vasitəçilik missiyasını həyata keçirən bu iki güc mərkəzi üçün Azərbaycanın rolunun artması regionda da proseslərə müəyyən təsir göstərəcək. Bakının Avropa İttifaqı və Rusiya ilə daha sıx münasibətləri nəticəsində Ermənistanın öhdəlikləri yerinə yetirməməmsi səbəbindən İrəvan üçün bir sıra təhlükələr yaranacaq.
Həmin təhlükələrdən başlıcası odur ki, bu iki vasitəçi, ilk növbədə Rusiya Ermənistanın öhdəlikləri yerinə yetirməməsinə görə Azərbaycana daha çox meylli olacaq. Gördüyümüz kimi, son həftələrdə artıq oxşar epizodlar qeydə alınıb. İkinci əsas təhlükə ondan ibarətdir ki, Azərbaycanın güc mərkəzləri üçün artan rolu Ermənistanla münasibətlərdə daha ciddi tələblərlə siyasət yürütməyə əsas verəcək. Belə ki, biz bunun ilk əlamətlərinin bu yaxınlarda görəcəyinin şahidi olacağıq.
Telman Qasımov
Hərbi-siyasi analitik