
Bu gün Rio-2016 Yay Olimpiya Oyunlarında cüdo yarışları üzrə növbəti görüşlər keçirilir.
Qaynarinfo.Az xəbər verir ki, azərbaycanlı cüdoçu Məmmədəli Mehdiyev də mötəbər yarışda debüt edib.
90 kq çəki dərəcəsində çıxış edən təmsilçimiz yarışa 1/16 final mərhələsindən start verib. Avropa Kubokunun qalibi olan idmançımızın rəqibi rusiyalı Kiril Denisov olub. İdmançımız əlavə vaxtda özündən daha təcrübəli rəqibini ippona salaraq qalib olub.
Onun 1/8 finalda rəqibi Tyaqo Kamilo (Braziliya) olub. Təmsilçimiz bu görüşdən də qalib ayrılıb. Mehdiyev rəqibindən vazari və yuka xalı ilə üstün olub.
Məmmədəli 1/4 finalda koreyalı Donqan Qvak ilə görüşüb. 4 dəfə xəbərdarlıq alan təmsilçimizə texniki məğlubiyyət verilib.
Buna baxmayaraq, o, mübarizəsini təsəlliverici döyüşlərdə davam etdirib. Bürünc medallara gedən yolda ilk rəqib monqolustanlı idmançı Otqonbaatar Lxaqvasuren olub. Ancaq rəqibinə yuka xalı ilə uduzan idmançımız medalsız qalıb.
Qeyd edək ki, millimiz Rioda 6 cüdoçu ilə təmsil olunur. Onlardan artıq 2-si Orxan Səfərov (60 kq) və Nicat Şıxəlizadə (66 kq) mübarizəni medalsız başa vurub. Rüstəm Orucov (73 kq) isə gümüş medal qazanıb.
Qaynarinfo.Az