İranda həbsdə aclıq aksiyası keçirən azərbaycanlı fəallardan birinin azadlığa buraxılması üçün keçirilən etiraz zamanı azı 10 fəal həbs edilib.
Bunu ABŞ-ın Sietl şəhərində yaşayan azərbaycanlı jurnalist və fəal Ramin Cabbarlı BBC Azərbaycancaya açıqlamasında deyib.
"Bu səhər qardaşı Murtaza Muradpurun azad edilməsi üçün Təbriz məhkəməsi qarşısında ailəsi ilə birgə üç gündür etiraz keçirən Fərdin Muradpur saxlanılıb", - Ramin Cabbarlı bildirib.
O, fəalın saxlanılmasının səbəbinin etirazları dayandırmaq məqsədi daşıdığını söyləyib.
Fərdin və Murtaza Muradpur bundan öncə Urmiya gölünün quruması və digər məsələlərə etirazlar keçirdikləri üçün həbs edilib:
“Fərdin Muradpurdan başqa saxlanılanlar - Vəhid Faizpur, Mustafa Əvəzpur, Adil Buxçaçı, Siyamək Mərdanı, Sədullah Sasanı, Məhəmməd Mərdi, Milad Əkbəri, Rəhman Əkbəri və həyat yoldaşı Aliyə Noruzidir. Bu, sadəcə adları bəlli olanlardır, saxlanılanların sayı çox da ola bilər”.
Eyni zamanda isə Mürtəza Muradpur azadlığa buraxılmamasına etiraz olaraq 56 gündür su ilə aclıq aksiyası keçirir.
"Sadəcə su içir. Tez-tez özündən gedir, həkimlər serum bağlayıb, amma o ayılan kimi etiraz edib", - Cabbarlı bildirib.
Onun sözlərinə görə, Adil Buxçaçı və Vəhid Faizpur da həbs edilən 10 nəfər arasındadır:
Muradpur ailəsinin istədiyi İran qanunlarına riayət edilməsi - İran Cinayət Məcəlləsinin 134-cü maddəsinin tətbiq edilməsidir. İki maddə ilə ittiham edilmiş bir şəxsin daha uzun həbs müddətini çəkdikdən sonra azad edilməsini təsbit edən bu maddə tətbiq edilərsə, Mürtaza Muradpur azad oluna bilər. Onun barəsində verilmiş 3 illik azadlıqdan məhrumetmə cəzasının iki ili artıq bitib. Siyasi fəallarla bağlı verilən qərarlara qanunla deyil, siyasi sifarişlə baxılır. Təbriz Ettala-atı (Milli Kəşfiyyat İdarəsi) məhkəmə qərarına müdaxilə edir", deyə Ramin Cabbarlı Mürtəza Muradpurun azad edilməmə səbəbini izah edir”. (Axar.az)
Qaynarinfo.Az