Xəbər lenti

Azərbaycanlı futbolçu Serbiya klubunun hədəfində
İdman18:31 24.06.2016

Azərbaycanlı futbolçu Serbiya klubunun hədəfində

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et

Serbiyanın "Çukariçki" klubu Azərbaycan yığmasının və "Sumqayıt" klubunun hücumçusu Amil Yunanovu heyətinə qatmaq istəyir. 

Qaynarinfo.az xəbər verir ki, bu barədə Serbiyanın mozzartsport.com saytı məlumat yayıb.

Məlumatda bildirilir ki, serblər 23 yaşlı futbolçunu birbaşa müqavilə bağlamağa çağırırlar. Qeyd olunur ki, "Çukariçki" rəsmiləri artıq qarşı tərəflə əlaqə saxlayıblar və Amilin iyunun 30-da "Sumqayıt"la müqaviləsinin müddətinin bitməsini gözləyirlər ki, onu azad agent kimi transfer etsinlər. Çünki Serbiya klubu bu hücumçu üçün qarşı tərəfə kompensasiya vermək fikrində deyil.

Lakin onu da bildirək ki, "Sumqayıt" artıq bu ay 24 oyunda 12 qol vurmuş bombardiri ilə yeni müqavilə bağlayıb. Bir sözlə, "Çukariçki"nin Yunanovu transfer etməsi üçün bu müqavilənin pozulması lazımdır.

"Çukariçki" ötən mövsüm "Qəbələ"nin Avropa Liqasının II təsnifat mərhələsindən kənarlaşdırdığı komandadır. Bu komanda yenə Serbiyada bürünc medallara yiyələnib və ölkəni avrokuboklarda təmsil etmək hüququ əldə edib. Bu dəfə Belqrad klubunun ilk mərhələdəki rəqibi Qazaxıstanın "Ordabaşı" klubu olacaq.

Qeyd edək ki, bu qış başqa bir azərbaycanlı futbolçu Elnur Cəfərovun Serbiyanın "Spartak" klubuna keçidi gündəmdə idi. Lakin o transfer də maliyyə məsələsinə görə baş tutmamışdı.

Qaynarinfo.az