
Qazaxıstanın dövlət başçısı Nursultan Nazarbayevin qardaşı Bolat Nazarbayevin keçmiş həyat yoldaşı Mayra Nazarbayevanın azərbaycanlı iş adamı ilə münasibətləri barədə hələ bu ilin yaz aylarında mediada xəbərlər dərc olunub.
Həmin xəbərlərə görə, Mayra Nazarbayevanın eşq yaşadığı azərbaycanlı iş adamı Zaur Abdullayev bir müddət əvvələ qədər Türkiyədə yaşayıb. 5 il əvvəl o, ailəsilə İstanbula köçüb və Türkiyə vətəndaşlığı alaraq orada böyük bir şirkət qurub.
M. Nazarbayevanın özü isə hazırda interpolun axtarışındadır. Onun Qazaxstanın hakim ailəsinin etibarından sui-istifadə etməklə bir sıra qanunsuz əməllərə yol verdiyi bildirilir.
“Qafqazinfo”ya məsələ ilə bağı ilginc bir məlumat daxil olub. Məlumata görə, bu ilin aprel ayında azərbaycanlı jurnalistlərdən biri Qazaxıstana gedərək Nazarbayevin qardaşı qızı ilə görüşüb, bu görüşdə Mayra Nazarbayeva ilə bağlı söhbət aparılıb.
“Qafqazinfo” onu da öyrənib ki, sözügedən məsələ ilə bağlı Qazaxstana gedən jurnalist Nicat Dağlar olub. Həmin görüşdə konkret olaraq hansı məsələlər ətrafında söhbət aparılıb? Nicat Dağları bu işə bağlayan nədir? O, Qazaxstanda hakim ailənin təmsilçilərilə görüşməyə necə müvəffəq olub? Əməkdaşımız N. Dağların özü ilə də əlaqə saxlayıb. Həmkarımız həqiqətən də bu ilin aprel ayında Qazaxstana getdiyini təsdiqləyib. Dövlət başçısının qardaşı Bolat Nazarbayevin qızı Gülmira Nazarbayeva ilə əlaqə yaratdığını bildirib: “Bu xanım Almatı şəhərinin Jetususkiy rayon məhkəməsinin sədridir. Mən Qazaxstana bir qohumumun xahişilə getmişəm. Səfərimin yeganə məqsədi həmin qohumun Bolat Nazarbayev və ya onun ətrafındakı şəxslərlə görüşünü razılaşdırmaq olub. Məsələ burasındadır ki, məndən Qazaxıstana getməyi xahiş edən şəxs məlumatlarda adı hallanan azərbaycanlı iş adamı Zaur Abdullayevin xanımıdır. Mən sonradan öyrəndim ki, həmin Zaur Abdullayev ailəsini ataraq Mayra Nazarbayeva ilə yaşayır. Bu məsələ sırf ailə məsələsidir. Bildiyimə görə, hazırda İstanbulda məhkəmə çəkişməsi gedir. Onların rəsmən boşanıb-boşanmaması barədə məndə məlumat yoxdur. May ayında mənim səhhətim pisləşdi və sonra da məlum hadisələr baş verdi. Bu səbəbdən məsələ ilə bağlı sonradan nələrin baş verdiyini bilmirəm və bu indi məni maraqlandırmır”.
N. Dağlar bildirib ki, məsələnin təfərrüatı, Qazaxıstan səfəri və orada baş verənlərlə bağlı “Qafqazinfo”ya yazı təqdim edəcək. Həmin yazıda Qazaxstan prezidentinin qardaşı qızı ilə görüşmək üçün hansı çətinliklərdən keçdiyini təsvir edəcək.