"Azərbaycanın Rusiyadan qaz almasının iki əsas səbəbi var".
Bu sözləri Qaynarinfo.az-a açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli Azərbaycanın Rusiyadan qaz almasının səbəbinlərini şərh edərkən deyib.
Natiq Cəfərli həmin səbəbləri açıqlayıb: "Birinci səbəb odur ki, Azərbaycan öz üzərnə kifayət qədər böyük öhdəliklər götürüb. Bunlar Gürcüstan və Türkiyəyə ixrac ediləcək qazın həcmi ilə bağlı bağlı olan öhdəliklərdir. İndi daxili resurslar hesabına bunu ödəməyə imkan yoxdur. Gürcüstanın da tələbi var idi ki, təqribən 500 milyon kubmetr əlavə qaz alacaqlar. Orda qazla işləyən böyük bir elektrik stansiyası tikilib. Bu həcmdə tələbi ödəmək üçün Azərbaycanın əlavə qaz mənbələrinə ehtiyacı var. Öhdəliklər götrülərkən hesablamalar düzgün aparılmayıb. Qaz müqavilələri spesifik olur. "Ya al, ya ödə" qaydası mövcuddur. Əgər tədarükçü ölkələr qazı vaxtında tədarük etməsələr, böyük cərimələrlə də qarşılaşırlar. İranla Türkiyə arasında belə bir məslə olmuşdu. Buna görə də Azərbaycan üzərinə götürdüyü öhdəlikləri tam həcmdə yerinə yetirmək üçün Rusiyadan əlavə qaz almağa ehtiyac duydu".
Ekspertin fikrincə, ikinci səbəb Rusiyanın qaz satışını yaxın ölkələrdə həyata keçirməyi düşünməsidir: "Azərbaycan Rusiyadan ənənəvi qaz alan ölkələrdən biridir. Rusiya müəyyən siyasi və iqtisadi təzyiqlər vasitəsilə Azərbaycanla yenidən iri həcmli müqavilənin imzalanmasına ehtiyac duyur. Çünki söhbət 3 miyard kubmetr qazdan gedir. Bu çox böyük bir həcmdir. Azərbaycanda valyuta ehtiyatları ilə bağlı problemlər var. 3 milyard kubmetr qazın alınması ilə bağlı müqavilə bağlansa, Rusiyaya indiki məzənnə ilə 700 milyon dollara yaxın pul ödəməli olacaq. Bu da Azərbaycanın indiki tədiyyə balansında yaxşı nəticəyə gətirib çıxarmayacaq".
Natiq Cəfərli fikrincə, bu məslədə iki ana səbəb var: "Hansı səbəbin daha vacib olduğunu söyləmək çətindir. Amma bu iki səbəbdən birinə görə Azərbaycan Rusiyadan qaz almaq məcburiyyətində qalacaq".
Qafqaz Rafiqoğlu
Qaynarinfo.az