Kolorektal xərçəng (kolon və ya bağırsaq xərçəngi) halları xüsusilə 50 yaşdan aşağı insanlarda narahatlıq doğuracaq dərəcədə artıb.
Qaynarinfo xəbər verir ki, son 30 ildə gənc yaş qrupunda bu xəstəliyin rastgəlmə halları 50 faiz yüksəlib. Həkimlər, xəstəliyin bəzi incə əlamətlərinin digər sadə sağlamlıq problemləri ilə qarışdırıldığı üçün çox vaxt diqqətdən yayınmasına diqqət çəkirlər.
Mütəxəssislərə görə, xəstəlik erkən mərhələdə aşkarlandıqda hər on xəstədən doqquzu ən azı beş il yaşaya bilir. Lakin xərçəng yayıldıqda bu göstərici cəmi 10 faizə düşür.
Dr. Cek Ogden bildirib: "Bu səssiz əlamətlərin tanınması həyat qurtara bilər. Kiçik dəyişikliklərə diqqət yetirmək və vaxtında həkimə müraciət etmək bağırsaq xərçənginə qarşı ən güclü müdafiədir".
Dr. Ogdenin diqqət çəkdiyi beş gizli əlamət:
1. Dəmir çatışmazlığı anemiyası – səbəbsiz yorğunluq, solğun dəri, nəfəs darlığı ilə özünü göstərə bilər. Şişlərin qanamaya səbəb olması və dəmir udulmasını pozması nəticəsində yaranır. Əlavə olaraq başgicəllənmə, baş ağrısı və ürək döyüntüsü də müşahidə edilə bilər.
2. Bağırsaq vərdişlərində dəyişikliklər – səbəbsiz ishal, qəbizlik və ya qəfil daha incə formaya düşən nəcis. Qələm qalınlığında nəcis kolonda tıxanmanın əlaməti ola bilər.
3. İzah olunmayan arıqlama – pəhriz və idman dəyişmədən baş verən kilo itkisi. Bu, iştahsızlıq, qidaların mənimsənilməsinin zəifləməsi və metabolik yükün artması ilə əlaqəli ola bilər.
4. Qarın şişkinliyi və narahatlıq – davamlı sancılar, yeməkdən sonra tez doymuşluq hissi.
5. Nəcisdə qan – bəzən açıq görünməsə də, qaranlıq və ya gizli ola bilər. Yuxarı bağırsaq qanamaları nəcisin qara rəngdə olmasına səbəb ola bilər. Açıq qırmızı qan isə çox vaxt babasil ilə əlaqələndirilir.
Son 30 ildə 50 yaşdan aşağı şəxslərdə kolorektal xərçəng halları 50 ölkənin 27-sində artıb. Həkimlər bu artımın mümkün səbəbləri arasında piylənmə, antibiotiklərin həddindən artıq istifadəsi, mobil telefon radiasiyası və içməli suda mövcud olan mikroplastiklərin təsirini də qeyd edirlər.
Milli Səhiyyə Sistemi (NHS) bildirir ki, bu əlamətlərdən hər hansı biri üç həftədən çox davam edərsə, mütləq həkimlə məsləhətləşmək lazımdır. Çünki digər xəstəliklər oxşar əlamətlər yarada bilsə də, vaxtında diaqnoz həyat şansını əhəmiyyətli dərəcədə artırır.
Aydın
Şərhlər