Bakı artıq böyük marafon liqasında: jurnalist Ayaz Mirzəyev qaçmağa hazırdır (VİDEO)
Avropada 42 kilometrlik marafonu uğurla tamamlamış azərbaycanlılardan biri, tanınmış jurnalist Ayaz Mirzəyev bu il Bakıda keçiriləcək Bakı tam marafonuna hazır olduğunu bildirib.
Qaynarinfo xəbər verir ki, Heydər Əliyev Fondunun təşəbbüsü ilə 2016-cı ildən bəri ənənəvi olaraq keçirilən "Bakı Marafonu” bu il öz tarixində inqilabi yeniliyə imza atır. Doqquzuncu dəfə təşkil olunan və "Küləyə qalib gəl” şüarı altında keçirilən yarış, ilk dəfə olaraq peşəkar 42 kilometrlik (Full Marathon) məsafədə təşkil ediləcək.
Bu addım Bakının Nyu-York, London və Berlin kimi meqapolislərin yer aldığı qlobal peşəkar qaçış xəritəsinə rəsmən daxil olması deməkdir. Əgər əvvəlki illərdə 21 km-lik məsafə kütləvi həvəskar sınağı idisə, 42 km artıq dözümlülük, xüsusi hazırlıq və iradə tələb edən peşəkar idman hadisəsidir.
Builki marafon şəhərin həm tarixi, həm də müasir simasını əhatə edən unikal bir marşrutla yadda qalacaq. İştirakçılar start xəttini Dövlət Bayrağı Meydanında keçərək, Xəzər sahili boyu Bakı Ağ Şəhər, Heydər Əliyev prospekti və digər mərkəzi nöqtələrdən keçməklə, finiş xəttinə- Sea Breeze ərazisinə çatacaqlar.
"Bakı Marafonu 2026” təkcə idman yarışı deyil, həm də ölkənin ən böyük əyləncə festivallarından birinə çevriləcək. Start və finiş nöqtələrində qurulacaq fan-zonalarda gün boyu davam edəcək "Qaçmasan da, əyləncəni qaçırtma” konsepti ilə konsert proqramları təqdim olunacaq.
Konsert proqramında Azərbaycanın tanınmış musiqiçiləri Aygün Kazımova, Tünzalə Ağayeva, Lalə Məmmədova, Manana, eləcə də Avroviziya ulduzları Eldar Qasımov, Nigar Camal, Nadir Rüstəmli, Dilarə Kazımova, Samira Əfəndi və digər populyar ifaçılar (Hiss, MadTeen, Qurd, Çin və s.) çıxış edərək həm qaçışçılara, həm də qonaqlara unudulmaz anlar yaşadacaqlar.
2016-cı ildə 7 min iştirakçı ilə başlayan Bakı Marafonu illər ərzində böyük maraq qazanaraq 2023-cü ildə 20 min, ötən il isə 28 minə yaxın iştirakçı sayı ilə rekord yeniləyib. Yeni 42 km-lik formatın həm yerli, həm də xarici qaçışçıların marağını daha da artıracağı gözlənilir.
DİQQƏT! Qaynarinfo.az-ın açıq materiallarının olduğu kimi surətini çıxarmaq, digər saytlara yerləşdirmək, yaymaq qadağandır. Qanunvericiliyə əsasən açıq materialların yalnız 1/3 hissəsindən istifadə etmək olar. Əks halda məsələ məhkəmə predmeti ola bilər!
Şərhlər