“Avtovağzal” metrostansiyasında işlər artıq yekunlaşmaq üzrədirBu il istifadəyə veriləcək “Avtovağzal” metrostansiyasında işlər artıq yekunlaşmaq üzrədir. Hazırladığımız reportaj zamanı şahid olduq ki, stansiyanın tikintisi tamam yekunlaşıb. Hazırda stansiyanın içərisi təmir olunur.
Artıq stansiyada avadanlıqlar quraşdırılıb. Ərazinin sahə rəisi Rəfael Mehdiyev ANS PRESS-ə açıqlamasında bildirib ki, bu stansiya digər metro stansiyalarından bir sıra xüsusiyyətlərinə görə fərqlənir.
“Yeni xətlərdə ən müasir sistemlərlə təchiz olunmuş 7 vaqonlu qatarlar hərəkət edəcək. Yeni stansiyalarda platformaların uzunluğu 144 metr olacaq. Stansiyalarda sərnişinlərin təhlükəsizliyini təmin edən şüşə qapılar (PSD) quraşdırılacaq.
Təhlükəsizlik tədbirlərindən biri də stansiyaların hər bir nöqtəsinin müşahidə kameraları ilə idarə olunmasıdır. Təhlükəsizliklə yanaşı, sərnişinlərin rahatlığı da nəzərə alınıb”, - deyə Rəfael Mehdiyev vurğulayıb.
Belə ki, metroda ventilyasiya sistemi yanaşı, kondisioner sistemi də tətbiq olunacaq. Bununla da qışda metroda sərnişinlər soyuqdan, yayda isə istidən əziyyət çəkməyəcək. Eskalatorlardan əlavə liftlər və travilatorlar quraşdırılacaq.
Xüsusən də fiziki cəhətdən qüsurlu olanlara rahat şərait yaradılacaq. 4 mərtəbədən ibarət olan stansiya binasının 7 giriş-çıxışı olacaq.
Stansiyada çıxışların biri Bakı Beynəlxalq Avtovağzal Kompleksinin qarşısında, digəri isə içərisindədir. İkinci və üçüncü çıxış şəhər istiqamətində, digər iki çıxış isə şimal istiqamətindədir. Yanğın təhlükəsizliyi məqsədilə ən müasir optimal sistemlər tətbiq olunacaq.
“Avtovağzal” metrostansiyasının istifadəyə verilməsinə gəlincə, işlər bu ilin ortalarında başa çatacaq. Dəqiq məlumat verilməsə də, yeni stansiyanın may ayına qədər istifadəyə veriləcəyi gözlənilir.
Qeyd edək ki, hazırda 23 stansiyası olan Bakı Metropoliteninin stansiyalarının sayı 2035-ci ilə qədər 3 dəfə çoxalacaq. Bakı Metropoliteninin perspektiv inkişaf planına görə, yaxın 25 ildə stansiyaların sayı 68-ə, 2040-cı ilədək 70-ə çatdırılması planlaşdırılır. Bu, paytaxtın mərkəzi hissələrinin tamamilə, şəhərin ətraf ərazilərinin isə qismən metro xəttilə əhatə olunması deməkdir.
Qaynar.info












