Azərbaycanda İran klinikalarının bir-bir bağlanmasına başlanıb. Axar.az-ın xəbərinə görə, “İmam Əli” tibb klinikasının ardınca İranın Qırmızı Aypara Cəmiyyətinin tibb ocağı da cəzalandırılıb. Hələ bir neçə ay əvvəl fəaliyyətini dayandırmış bu klinika sonra işini bərpa etmişdi.
O zaman İran Xarici İşlər Nazirliyinin mətbuat katibi Səid Abbas Əraqçı bu klinikaların bağlanmasını texniki məsələlərlə əlaqələndirmişdi. Klinikanın yenidən Səhiyyə Nazirliyi tərəfindən cəzalandırılması isə fəaliyyətinə xitam verilməsi ilə nəticələnə bilər. O da istisna olunmur ki, İran klinikalarının yürütdüyü siyasət nəticəsində hər gün onlarla xəstə İrana axışır.
Bu klinikalar xüsusilə Təbrizdə fəaliyyət göstərən bir neçə özəl tibb müəssisəsi ilə gizli əməkdaşlıq edirlər.
Belə ki, onlara müraciət edən Azərbaycan vətəndaşlarının çoxunu həmin özəl tibb ocaqlarına yönləndirirlər. Bu isə müəyyən maddi maraq müqabilində baş tutur. Bakıda çalışan iranlı həkimlər Təbrizdəki xəstəxanalardan ora göndərilən hər xəstəyə görə faiz alırlar.
Qeyd edək ki, Azərbaycandakı sözügedən klinikaların fəaliyyətinin dayanması və cəzalandırılmasından sonra İranda xarici ölkə, xüsusilə Azərbaycan vətəndaşlarına göstərilən tibbi xidmətin qiyməti artıb.
Qaynar.info