Xəbər lenti

Bakıda sakinlər etiraz aksiyası keçirməyə hazırlaşır
Ölkə11:18 01.10.2013

Bakıda sakinlər etiraz aksiyası keçirməyə hazırlaşır

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Bu gün Beynəlxalq Mətbuat Mərkəzində (BMM) evləri əlindən alınan bir qrup etirazçı mətbuat konfransı keçirib

Qaynar.info-nun məlumatına görə, şikayətçilər Xətai rayon, Seyid Əzim Şirvani küçəsi, 23/19 ünvanında yeni tikilib istifadəyə verilən binadakı evlərinin və obyektlərinin heç bir əsas olmadan əllərindən alınmasına etiraz ediblər.

Çıxış edən şikayətçi Müşfiq Əliyev baş verənlərlə bağlı geniş məlumat verib: “Binanın sahibi Rövşən Rüstəmov idi. Mən də evi həmin şəxsdən almışdım. Rövşən Rüstəmov 2010-cu ildə kabinetində qətlə yetirildikdən sonra ortaya başqa şəxs çıxdı. Belə ki, Muğan Kərimov bizim yaşadığımız evlərin və qeyri-yaşayış obyektlərinin sənədlərini öz adına çıxardı. Məsələyə Milli Təhlükəsizilik  Nazirliyi, Baş Prokurorluq yanında Korrupsiyaya qarşı Mübarizə İdarəsi müdaxilə etdi. Muğan Kərimovun izahatlarından sonra məlum oldu ki, binanı tikmək üçün mərhum Rövşən Rüstəmov Muğan Kərimovdan 500 kvadratmetrlik yer alıb. R.Rüstəmov torpağın pulunun əvəzində isə M.Kərimova tikəcəyi binadan qeyri-yaşayış obyekti verəcəyini vəd edibmiş. M.Kərimov izahatlarında göstərib ki, ona veriləcək obyektdə başqa bir şəxsin tikinti apardığını gördükdən sonra bina sahibinə öz etirazını bildirib. O da deyib ki, banklara borcu olduğu üçün obyekti başqa şəxsə satıb. Beləliklə, onların arasında mübahisə yaranıb. Bina sahibi öldürüldükdən sonra Muğan Kərimov binadakı bizə məxsus evlərin sənədlərinin bir neçəsini ələ keçirib. Biz evləri pulla almışıq. Kiminsə sonradan ortaya çıxıb evləri öz adına sənədləşdirməsi qanunsuzluqdır. Bizdə olan məlumata görə, o bina sahibinə məxsus möhürü ələ keçirib. Bu sənədləri də ondan sonra hazırlayıb. Xətai Rayon Məhkəməsinə müraciət etdik. Məhkəmə prosesinə sədrlik edən İlqar Qaralov M.Kərimovun ələ keçirdiyi sənədləri qanunsuz elan etdi və bizim xeyrimizə qərar çıxardı. M.Kərimov bundan sonra apelyasiya şikayəti verdi. Apelyasiya Məhkəməsi məsələyə baxılması üçün yenidən Xətai Rayon Məhkəməsinə göndərdi. Məhkəmə bu dəfə Muğan Kərimovun xeyrinə qərar çıxardı. Prosesə Leyla Talıbova sədrlik edirdi. Qərarla razılaşmayıb, Ali Məhkəməyə şikayət etdik. Bu zaman M.Kərimov bizə dedi ki, şikayətləriniz əbəsdir. Məhkəməni qazanmaq üçün 100 min manat verib. Onun dediyi kimi də oldu. Məhkəmə prosesinə sədrlik edən İslam Əliyev onun xeyrinə qərar çıxardı. Bu qərarların heç bir əsası yoxdur. Pul verildiyinə görə, belə qərar çıxarılıb. Maraqlısı odur ki, M.Kərimovda heç bir əlavə sənəd yoxdur. Bizdəki kimi müqavilədir. Biz əminik ki, o, dələduzluq yolu ilə müqavilələri öz adına çıxarıb”.

M.Əliyev qeyd edib ki, qanunsuzluqla bağlı prezident İlham Əliyevə və Heydər Əliyev Fondunun rəhbəri Mehriban Əliyevaya müraciət edilib: “Dələduz Muğan Kərimova görə bu qədər ailəni küçəyə atmaq olmaz. Rəhbər strukturlara müraciət etmişik”.

Sonra çıxış edən digər şikayətçi Təranə Qasımova deyib ki, mənzildə 2008-ci ildən yaşayır: “Biz evi 2008-cil ildə almışıq və məskunlaşmışıq. Hələ də orada yaşayırıq. Məhkəmə Muğan Kərimovun xeyrinə qərar çıxardığı üçün biz də evdən çıxmalıyıq. Vaxt verilib. Həmin vaxt bitdikdən sonra mənzili tərk etməliyik. Biz hər hansı etiraz aksiyası keçirməyi planlaşdırmırıq. Amma belə davam edərsə, haqq-ədalət öz yerini tapmazsa, etiraz aksiyası keçirəcəyik. İndi isə mətbuat vasitəsilə etirazımızı bildiririk. Hələki ümid edirik ki, məsələ hüquqi çərçivədə həll ediləcək”.

Digər şikayətçilər də çıxışlarında mətbuat vasitəsilə ölkə rəhbərliyindən kömək istəyiblər.

Qeyd edək ki, Binanın sahibi Rövşən Rüstəmov 2011-ci il iyunun 8-də Nəsimi rayonunun Hüseyn Seyidzadə, 2A ünvanında iş adamı Nadir Orucov tərəfindən “Makarov” tipli tapança ilə qətlə yetirilib.

Qaynar.info