Ukraynadakı müharibəni işıqlandıran rusiyapərəst teleqram kanalları Xarkov vilayətinin Balakleya şəhərində rus qüvvələrinin mühasirəyə alınmasından xəbər verir. Ukrayna ordusu bölgədə əks-hücum əməliyyatı keçirir. Şəhərin yaxınlığında yerləşən ən böyük Ukrayna hərbi anbarlarının azad edildiyi bildirilir.
Qaynarinfo xəbər verir ki, bu barədə "Azadlıq radiosu” məlumat
yayıb.
Çərşənbə axşamı, sentyabrın 6-da səhər saatlarında Ukrayna ordusu İzüm şəhəri yaxınlığında Balakleya rayonunda rus qoşun qruplaşmasının cinahına hücum edib. Sentyabrın 7-də səhər saatlarında rusiyalı hərbi jurnalist Yuri Kotenok şəhərdə Rusiya Qvardiyasının xüsusi təyinatlıları olan Samara və Başqır SOBR-larının birləşmiş dəstələrinin mühasirəyə alındığını bildirib. Onun sözlərinə görə, onlarla əlaqə kəsilib. Müharibəni işıqlandıran anonim teleqram kanal "Starşe Eddı" da şəhərin əməliyyat mühasirəsində olduğundan xəbər verir.
Mart ayında rus qoşunları tərəfindən ələ keçirilən Balakleya şəhərinin kənarında Ukrayna Silahlı Qüvvələrinin Mərkəzi Raket və Artilleriya İdarəsinin ən böyük sursat anbar bazası yerləşir. Rusiyayönlü kanallar böyük rus arsenalının yerləşdiyi Balakleya yaxınlığındakı Verbovka kəndinin Ukrayna hərbçiləri tərəfindən azad edilməsindən xəbər verir. Bu məlumatı ABŞ-ın Müharibənin Tədqiqi İnstitutu (ISW) da təsdiqləyir.
Rusiya Müdafiə Nazirliyinin sözçüsü çərşənbə günü gündəlik brifinqdə bildirib ki, Ukrayna heç bir istiqamətdə hücum etmir. Ukrayna hakimiyyəti və ordusu Xarkov vilayətində gedən döyüşlərlə bağlı heç bir məlumat vermir. Avqustun sonundaXerson hücumunun başlamasından sonra Ukrayna Baş Qərargahı jurnalistlərə rəsmi mənbələr olmadan müharibə haqqında məlumat verməməyi tövsiyə edib.
Çərşənbə axşamı Ukrayna prezidenti Volodimir Zelenski ölkənin cənubundakı hərbi əməliyyatı şərh edərkən ordunun təkcə ölkənin cənubunda deyil, digər istiqamətlərdə də əks hücuma keçdiyini açıqlayıb.
Nizami Bağırov