Dünya 15:02 07.09.2022

Baltikyanı ölkələr rusiyalıların öz ərazilərinə girişini məhdudlaşdıracaq

Litva, Latviya və Estoniya rusiyalıların Rusiya və Belarusla quru sərhədlərindən keçməsini məhdudlaşdırmaq barədə razılığa gəliblər.

Qaynarinfo xəbər verir ki, bu barədə Latviyanın xarici işlər naziri Edqar Rinkeviç bildirib.

Onun sözlərinə görə, rəsmi qadağa yaxın günlərdə elan olunacaq. Bu, istənilən Avropa ölkəsi tərəfindən verilmiş Şengen vizası sahiblərinə şamil ediləcək.

"Baltikyanı ölkələr Aİ Şengen vizalarına malik Rusiya vətəndaşlarının sərhədi keçməsinə əhəmiyyətli məhdudiyyətlər (bəzi istisnalar olmaqla) barədə razılığa gəliblər. Qərarlar milli hökumətlər tərəfindən milli prosedurlara uyğun olaraq qəbul ediləcək və eyni zamanda qüvvəyə minəcək”, - o, Twitter-də yazıb.

İstisnalar yalnız yük maşını sürücüləri, diplomatlar və humanitar və ya ailə səbəblərindən Baltikyanı ölkələrə daxil olan insanlar üçün olacaq.
Əvvəllər Baltikyanı ölkələrlə vizalarla bağlı fəaliyyətlərini əlaqələndirmək niyyətində olan Finlandiya Avropa Komissiyasının müvafiq qərarına qədər məhdudiyyətlər tətbiq etməkdən imtina edib.

Nizami Bağırov