İspaniyanın Barselona şəhərində insanlar həbs edilən və ölkəni tərk etmək məcburiyyətində qalan siyasətçilər üçün dəstək aksiyası keçiriblər.
"Qaynarinfo" xarici mediaya istinadən xəbər verir ki, Kataloniyanın müxtəlif bölgələrindən olan insanlar 900 avtobusla Barselonaya gəliblər. Polisin məlumatına əsasən aksiyada 750 min şəxs iştirak edib. Həbsdə olan Kataloniya siyasətçiləri üçün "Siyasi məhbuslar üçün azadlıq", "Biz cümhuriyyətik" yazılmış posterlər açılıb.
Qeyd edək ki, Kataloniya 1 oktyabrda müstəqillik referendumu keçirdi və ayın sonlarında müstəqilliyini elan etdi. İspaniya höküməti isə bölgənin muxtariyyətini ləğv edərək bəzi siyasətçilər barədə həbs qərarı qəbul etdi. Kataloniyanın sabiq prezidenti Karles Puçdemon hazırda Belçikadadır.
Kataloniyada 21 dekabrda seçkilər keçiriləcək və həbsdəki siyasətçilərin namizəd olduğu bildirilir.