Litva hökumətinin başçısı İnqrida Simonite bildirib ki, o, 2024-cü ildə ölkədə keçiriləcək prezident seçkilərinə qədər istefa vermək niyyətində deyil.
Qaynarinfo bu barədə TASS-a istinadən xəbər verir.
Onun dövlət başçısı postuna iddialılardan biri olduğu qeyd edilir.
"Mən bütün mümkün vasitələrlə seçki kampaniyasında öz rəsmi mövqeyimdən istifadə etmək vəziyyətindən qaçmağa çalışacağam", deyə Simonite bildirib.
Onun sözlərinə görə, bu halda baş nazir istefa verməyə borclu deyil, lakin məzuniyyətdən istifadə edə bilər.
Daha əvvəl bildirilmişdi ki, noyabrın 12-də Litvada respublika prezidenti vəzifəsinə seçki kampaniyası rəsmən başlayacaq. Agentliyin məlumatına görə, yarış ölkənin əsas seçki komissiyasının qərarı ilə səsverməyə altı ay qalmış başlayır.
Litva Mərkəzi Seçki Komissiyasının qeyd etdiyi kimi, respublikadakı partiyalar artıq seçki komissiyasında öz namizədlərini qeydə ala bilərlər. Seçkilər 2024-cü il mayın 12-nə təyin edilib və heç bir namizəd səs çoxluğunu qazanmasa, ikinci turun mayın 26-da keçiriləcəyi ehtimal edilir.
Litva parlamentli respublikadır, ona görə də ölkədə prezidentin səlahiyyətləri əhəmiyyətli dərəcədə məhduddur. Hazırda bu vəzifəyə dörd namizəd var - Litva ordusunun keçmiş komandanı, istefada olan general-leytenant Valdas Tutkus, Kazlu Ruda şəhərinin meri Mantas Varaska, ölkənin keçmiş səhiyyə naziri Aureliyus Veriqa və hazırkı baş nazir İnqrida Simonite. Eyni zamanda, Litvanın hazırkı rəhbəri Gitanas Nausedanın da səsvermədə iştirak etmək imkanı var, lakin hələlik bu məsələ ilə bağlı mövqeyini bildirməyib.
Aydın