Almaniyanın Saksoniya torpağının baş naziri Mixael Kretşmer bildirib ki, Ukrayna Rusiya ilə "barışıq naminə” ərazilərinin müvəqqəti itirilməsi ilə barışmalıdır.
Bu barədə Qaynarinfo "Spiegel”ə istinadən xəbər
verir.
Kretşmer hesab edir ki, Almaniya hökuməti "Ukraynanı təkcə silahla təmin etməməli, həm də diplomatik təşəbbüslərə əl atmalıdır” və müttəfiqlər "Putinə təsir göstərməyə və atəşkəsə nail olmağa çalışmalıdırlar”.
"Mümkündür ki, barışıq üçün Ukrayna ilk növbədə bəzi ərazilərə nəzarətin müvəqqəti itirilməsi ilə barışmalıdır. Ukrayna ərazisinin bir kvadrat metri belə Rusiya ərazisi olmayıb. Amma digər böyük müharibələrdə olduğu kimi, bu müharibəyə dair yekun qərar üçün vaxt çatıb”, - Saksoniya baş naziri bildirib.
O, Almaniyanın Rusiya ilə bağlı siyasətinə də münasibət bildirib.
"Rusiya bizim qonşumuzdur, təhlükəli və gözlənilməzdir. Rusiyanı bizi yenə də təhdid etməmək üçün hərbi, siyasi və iqtisadi cəhətdən zəiflətmək ideyası 19-cu əsrdən qalmış baxışdır və bu, yeni münaqişələrin əsasını qoyur", - o əlavə edib.
Xatırladaq ki, Saksoniyanın baş naziri daha əvvəl də oxşar bəyanatalarla çıxış edib. 2022-ci ilin avqustunda o, Almaniyanın Rusiya ilə Ukrayna arasındakı müharibədə vasitəçilik etməli və "bu müharibənin dondurulmasını” təmin etməli olduğunu bildirib, həmçinin Rusiya xammalının alınmasının saxlanmasının tərəfdarı olub.
Nizami Bağırov