"Baş verən hadisələr erməni ictimai rəyində Paşinyanın reytinqinin qismən aşağı düşməsinə səbəb ola bilər. Amma bütöv anlamda əksinə, hadisələr müəyyən mənada Paşinyanın xeyrinə işləyəcək”.
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Natiq Miri Ermənistanın sərhəddə törətdiyi təxribatlar fonunda növbəti hərbi uğursuzluğa məruz qalmasının bu ölkə daxilində vəziyyətə necə təsir edəcəyinə münasibət bildirərkən deyib:
"Nikol Paşinyanı dəstəkləyən elektorat güclü lider kimi tanıdıqları və daha çox sevdikləri üçün ona səs verməmişdi. Onlar müharibəyə alternativ olan sülhə səs vermişdi. Ona görə də bu cür hadisələr əslində Paşinyanın müharibənin Ermənistan üçün heç bir perspektivinin olmadığı barədə söylədikləri fikirlər fonunda, onun erməni ictimai rəyində nə qədər haqlı olduğunu göstərir. Bu xüsusda gələcək perspektivdən danışılırsa, mütləq mənada özündə müəyyən güzəştləri ehtiva edən anlaşmaya ehtiyacın olduğunu göstərir. Paşinyan bunun alternativinin olmadığını növbəti dəfə ortaya qoydu.
Ona görə də müharibə tərəfdarları və "Qarabağ klanı”nın bundan artıq xalqı küçələrə çıxardaraq nəyəsə nail olacağını düşünmürəm. Çünki Ermənistanda xalq müharibə istəmir. Yetərincə itki veriblər və bundan sonra heç kim öz övladığı müharibədə itirmək istəmir”.
Ekspert qeyd edir ki, belə vəziyyətdə regional əməkdaşlıq çərçivəsində blokadanın aradan qaldırılması ilə iqtisadi dirçəlişə nail olmaq ideyası erməni cəmiyyətində daha çox populyarlıq qazana bilər:
"Rusiyadan asılılıq Ermənistanın ayağa durmasına zəmin yaratmır. Çünki bu ölkə bölgədəki bütün problemlərin tam həllində maraqlı deyil. Əslində regiondakı gərginlik Rusiyanın burada moderator olmasına zəmin yaradır. Ona görə də iki dövlət arasındakı problemi Rusiya deyil, Gürcüstan vasitəsilə həll etməyə çalışmaq lazımdır. Söhbət hansısa məsələdə Tiflisin vasitəçiliyindən getmir. Söhbət ondan gedir ki, iki dövlətin nümayəndələri öz aralarında danışıb anlaşsınlar. Bunun üçün imkan və bazarlıq predmetləri var. Ancaq Rusiya olanda, onun rəqibi olan qlobal güclərin də geosiyasi maraqları gündəmə gəlir. Bu halda isə anlaşma çətin olur”.
Rüfət Sultan