
Hindistanın Madhya-Pradeş ştatındakı Ratanqrah şəhərinin yaxınlığındakı məbəddə zəvvarlar arasındakı basabas faciə ilə nəticələnib.
Basabasda 109 zəvvar həlak olub, yüzlərlə zəvvar yaralanıb və müxtəlif xəsarətlər alıb.
Həlak olanlar və yaralananların əksəriyyəti qadınlarla uşaqlardır.
Milli.Az AsiaOne-a istinadən bildirir ki, Durqa tanrısı bayramını qeyd etmək üçün Mandula Devi məbədinin qarşısına yüz minlərlə zəvvar toplaşmışdı.
Basabas və qaçaqaç məbədin qarşısında, Sind çayı üzərindəki körpünün az sonra uçacağı barədə şayiənin yayılmasından sonra başlanıb.
Həmin an körpüdə 25 min zəvvar vardı.
Qaçaqaçda 15 nəfər çaya düşərək boğulub. 94 nəfəri təlaşa düşmüş kütlə tapdalayıb.
Basabasdan sonra polislə toqquşmalar başlayıb.
İnsident zamanı fəaliyyətsiz qalmaqda və insanlara yardım etməməkdə suçlanan polisi kütlə daşa basıb.
12 polis yaralanıb.
Hindistanda keçirilən dini bayramlarda belə faciələr nadir hal deyil. Başlıca problem dini bayramlarda təhlükəsizlik tədbirlərinin yetərli səviyyədə olmamasıdır.
Mandula Devi məbədinin qarşısındakı 500 metrlik körpüdə 2007-ci ildə də basabas olmuş, onlarla zəvvar həlak olmuşdu.
Həmin olayda uçmuş körpü təmir edilmişdi.
Qaynar.info