
Qeyd edək ki, Batumidə martın 11-də yol polisi əməkdaşı yol hərəkəti qaydalarını pozduğuna görə sürücünü cərimələyib. Bəzi KİV-lər polisin sürücünü nalayiq sözlərlə təhqir etdiyini iddia edirlər. İnsidentin şahidi olmuş yerli sakinlər sürücünü dəstəkləyərək polis əməkdaşlarına müqavimət göstəriblər. Polisə müqavimət göstərənlərdən 6 nəfər saxlanılsa da, sonradan DİN rəhbərinin göstərişi ilə sərbəst buraxılıblar. İnsidentdən sonra Acarıstan Daxili işlər Baş İdarəsinin binası qarşısında 1000-dək etirazçı toplaşaraq yol polisi rəisi Malxaz Batiaşvilinin istefaya göndərilməsini tələb ediblər. Etirazçılar, M.Batiaşvilinin yol polisi rəisi təyin olunduqdan sonra cərimələrin məbləğinin artırıldığını iddia edirlər.
***
Gürcüstanda polis əməkdaşları və xüsusi təyinatlılar sübh tezdən Batuminin Çavçavadze küçəsini gecə boyu iğtişaşlar törətmiş etirazçılardan təmizləyib. Küçənin etirazçılardan təmizlənməsi əməliyyatı zamanı ciddi qarşıdurma baş verməyib.
Agentliyin məlumatına görə, xüsusi təyinatlılar əraziyə daxil olan kimi etirazçılar Çavçavadze küçəsini dərhal tərk etməyə başlayıblar. Rezin güllələrdən istifadə edən polis əməkdaşları saat 7.00-dək ərazini etirazçılardan tamamilə təmizləməyə müvəffəq olublar. Şəhərdə iğtişaş iştirakçılarının müəyyən edilərək saxlanılması istiqamətində əməliyyat davam etdirilir. Saxlanılanların sayı barədə məlumat verilmir.
Kommunal xidmətlərin küçədə bərpa və təmizlik işlərinə başladığı bildirilir. Dəymiş ziyanın həcmi müəyyənləşdirilir. İğtişaşların episentri olmuş Çavçavadze küçəsində avtomobillər yandırılıb, səkilər, vitrinlər, işıqforlar, mağazalar və s. obyektlər dağıdılıb.
İğtişaşlar zamanı azı 30 nəfərin xəsarət aldığı bildirilir.
Qaynar.Az