ABŞ prezidenti Co Bayden ABŞ Konstitusiyasına Amerika prezidentlərinin toxunulmazlığının məhdudlaşdırılması ilə bağlı düzəlişlər etməyi planlaşdırır.
Qaynarinfo "Politico" Ağ Evin nümayəndəsinə istinadən məlumat
yayıb.
Nəşr bildirir ki, Bayden ABŞ prezidentlərinin federal təqiblərdən immunitetə malik olmadığını aydınlaşdırmaq üçün konstitusiyaya dəyişiklik etmək niyyətindədir. Amerika lideri həmçinin hakimlər üçün müddət məhdudiyyətlərini və məcburi etika kodeksini təsdiq etmək istəyir.
Qeyd olunur ki, Baydenin çağırışı 2020-ci il seçkilərini ləğv etməyə cəhddə ittiham olunan keçmiş prezident Donald Trampa qarşı Ali Məhkəmənin mühafizəkar çoxluğunun növbəti mübahisəli qərarından sonra verilib.
"İşlərin hazırkı vəziyyəti anormaldır və ictimaiyyətin məhkəmə qərarlarına, o cümlədən şəxsi azadlıqlara toxunan qərarlarına inamı sarsıdır. Biz uçurumun astanasındayıq”, - deyə Bayden məqaləsində yazıb, məqalədən çıxarışları Ağ Evin nümayəndəsi nəşrə təqdim edib.
"Politico” vurğulayır ki, konstitusiya dəyişiklikləri Konqresin hər iki palatasının üçdə ikisinin dəstəyini və ya ştatların üçdə ikisinin çağırdığı konvensiyanı, habelə ştatların qanunvericilik orqanlarının dörddə üçünün təsdiqini tələb edir.
Xatırladaq ki, iyulun 1-də ABŞ Ali Məhkəməsi Donald Trampın 2021-ci il yanvarın 6-da Kapitoliyə basqın edilməsi ilə bağlı cinayət təqibindən toxunulmazlıq tələb edə biləcəyi barədə qərar verib.
Donald Tramp 2016-cı ildə porno ulduz Stormi Danielsə susmasına görə 130.000 dollar ödəmə ilə bağlı qeydləri saxtalaşdırdığına görə 34 cinayət işi ilə üzləşir. İttihamlar 2023-cü ildə Manhetten dairəsinin prokuroru Elvin Breqq tərəfindən irəli sürülüb.
Tramp ABŞ tarixində vəzifədə olarkən barəsində cinayət işi açılan ilk prezident olub.
O, həmçinin Corciya ştatında seçkilərin pozulması, onun Mar-a-Laqo iqamətgahında məxfi sənədlərin saxlanması və Kapitoliyə basqınla bağlı işlərdə iştirak edir. Cinayət işlərinə baxmayaraq, o, 2024-cü ildə keçiriləcək prezident seçkilərində iştirak edir.
Nizami Bağırov