"New York Times”ın yaydığı məlumata görə, ABŞ Prezidenti Co Bayden gələn ayın ortalarında Səudiyyə Ərəbistanına səfər etmək niyyətindədir. Səfər çərçivəsində Ağ Evin rəhbərinin vəliəhd şahzadə Məhəmməd bin Salman Əl Səudla görüşəcəyi gözlənilr.
Qeyd edək ki, hazırda Rusiyanın Ukraynaya təcavüzü və Qərbin Moskvaya sanksiyalar tətbiq etməsi fonunda neft və qazın qiyməti xeyli qalxıb. Bu isə Rusiyaya sanksiyalara baxmayaraq, müharibəni davam etdirməyə imkan verir. Bu mənada, ehtimal edilir ki, səfərdə məqsəd Əl-Riyadı bazara daha çox neft çıxarmağa həvəsləndirməklə "qara qızıl”ın artan qiymətinin aşağı düşməsinə nail olmaqdır.
Xatırladaq ki, 8 il əvvəl Rusiya Ukraynanın Krım və Donbas bölgəsinin bir hisəssini işğal edəndə də o zamankı ABŞ Prezidenti Barak Obama Səudiyyə Ərəbistanına səfər etməklə, hasilatın artırılması və neftin qiymətinin xeyli aşağı düşməsinə nail olmuşdu. Həmin razılaşmadan az sonra 2014-cü ilin sonunda neftin qiyməti sürətlə enərək 55 dollara, 2016-cı ilin əvvəlində isə 33 dollara düşdü. Nəticədə, neftin ucuzlaşması Moskvanı hərbi əməliyyatları dayandırmağa məcbur etdi.
Qaynarinfo-ya açıqlamasında siyasi şərhçi Kənan Rövşənoğlu səfəri mühüm əhəmiyyətli adlandırıb:
"ABŞ prezidenti Bayden iyulun 13-16-da Yaxın Şərq turuna çıxacaq. Əvvəlcə İsrailə gedəcək, Qüdsdə İsrail baş naziri ilə görüşəcək. Oradan Ramallaha keçib Fələstin dövlət başçısı Mahmud Abbasla görüşəcək. Nəhayət Səudiyyə Ərəbistanına gedəcək. Burada Ciddə şəhərində Körfəz Əməkdaşlıq Təşkilatının konfransında təşkilat üzvü olan 6 ölkə ilə yanaşı əlavə olaraq Misir, İordaniya və İraq liderləri ilə toplantıda iştirak edəcək. Bütün bunlar səfərin formal tərəfidir”.
Həmsöhbətimiz vurğulayr ki, səfərdə əsas diqqət çəkən Baydenin Səudiyyə Ərəbistanda aparacağı danışıqlardır:
"Çünki Bayden Səudiyyə Ərəbistanı vəliəhd-şahzadəsi Məhəmməd bin Salman haqqında sərt ifadələri ilə gündəmə gəlib. Hələ Barak Obamanın hakimiyyətinin son ilində ABŞ-Səudiyyə Ərəbistanı münasibətləri pisləşmişdi. Səudiyyə Ərəbistanı hakimiyyəti daha çox respublikaçılarla yaxındır. Donald Trampın hakimiyyəti illərində ABŞ-Səudiyyə əlaqələri inkişaf edib, 2017-ci ilin mayında iki ölkə arasında 110 milyard dollar dəyərində müqavilə imzalanıb. Lakin 2018-ci ilin oktyabrında "Vaşinqton Post” qəzetinin səudiyyəli yazarı Camal Qaşıqçının (Xaşşuqi) krallığın İstanbul Baş Konsulluğunda müəmmalı şəkildə yoxa çıxması və daha sonra öldürüldüyünün məlum olması demokratlarla Səudiyyə hakim ailəsi arasında əlaqələrə daha bir zərbə oldu. Tramp hər nə qədər əlaqələri qoruyub saxlamağa çalışsa da, demokratlar Qaşıqçı işinə görə kralı və xüsusən də vəliəhd-şahzadəni sərt şəkildə tənqid edirdilər. İndiki halda isə situasiya dəyişib. ABŞ-ın Səudiyyə Ərəbistanına ehtiyacı yaranıb. Rusiyanın Ukraynaya hərbi təcavüzündən sonra Qərb ölkələrində enerji qiymətləri kəskin bahalaşıb, ABŞ-da benzin rekord qiymətə təklif olunur. Belə bir vəziyyətdə ABŞ-ın Yaxın Şərqin neft istehsalçılarına, xüsusən də Səudiyyə Ərəbistanına ehtiyacı yaranıb. Bu səbəbdən də Bayden Kral Salmanın dəvətini qəbul edib, hətta Məhəmməd bin Salmanla görüşməyə də razılıq verib”.
Ekspert ehtimal edir ki, Bayden ərəb neftxudalarından bazara daha çox neft çıxarmalarını istəyəcək və buna nail olacaq:
"Bu, bir mənada Rusiyanın yaratmağa çalışdığı bazar çalxalanmalarını dayandırmaq üçün lazımdır. Digər tərəfdən, ABŞ-ın diqqətinin Avropaya qarışması, Çinlə gərginlik fonunda Yaxın Şərqin ərəb hakimiyyətləri İran qarşısında Vaşinqtondan gözlədikləri dəstəyi almadıqları üçün Çin və Rusiya ilə gizli şəkildə yaxınlaşır. Düşünürəm ki, 2014-cü ildə olduğu kimi Vaşinqton bu dəfə də məqsədinə çatacaq”.
K.Rövşənoğluna görə, bu səfər həm də əlaqələri yenidən bərpa etməyə xidmət edəcək:
"Çünki son hadisələr göstərdi ki, neft və qaz hələ də dünya siyasətində ciddi faktorlardır. Baydenin İsrail səfəri medianın diqqətini çox cəlb etməsə də, düşünürəm ki, bu səfər də mühüm əhəmiyyət kəsb edir. Hazırda İsrail və ABŞ arasında İran mövzusunda kəskin fikri ayrılığı var. Vaşinqton İranla dialoqa girmək və nüvə problemini danışıqlar vasitəsilə həll etmək niyyətindədir. Lakin İsrail bu xətlə hesablaşmır. Düşünürəm ki, Bayden bu məsələ ilə bağlı israilliləri sakitləşdirməyə çalışacaq”.
Rüfət Sultan