Dünya 14:20 22.02.2023

Bayden Kiyevdə olanda Rusiya qitələrarası raketi sınaqdan keçirdi - CNN

ABŞ prezidenti Co Bayden Kiyevdə olarkən Rusiya "Sarmat” qitələrarası ballistik raketini sınaqdan keçirib. ABŞ rəsmiləri hesab edirlər ki, sınaqlar uğursuz olub.

Qaynarinfo xəbər verir ki, CNN məsələ ilə tanış olan iki ABŞ rəsmisinə istinadən məlumat yayıb.

Mənbələrdən birinə görə, Moskva Vaşinqtonu belə hallarda münaqişəli vəziyyətlərdən qaçmaq üçün istifadə edilən xüsusi rabitə kanalı vasitəsilə gözlənilən buraxılışla bağlı xəbərdar edib. ABŞ-da güman edilir ki, sınaqlar uğurlu olsaydı, Vladimir Putin fevralın 21-də Federal Məclisə müraciətində bunu mütləq qeyd edərdi. Bu çıxışı zamanı prezident Rusiyanın Strateji Hücum Silahları Müqaviləsində (START) iştirakını dayandırdığını açıqlayıb.
 

Qərbdə "Satana II” adlandırılan "Sarmat” raketi eyni anda bir neçə nüvə başlığı daşımaq qabiliyyətinə malikdir, onun uçuş məsafəsi 11 min km-dir. Bu silahın ilk sınağı 2022-ci ilin aprelində baş verib, həmin zaman Rusiya Müdafiə Nazirliyi sınaqların uğurlu olduğu barədə məlumat verib. 

Nizami Bağırov