Dünya 11:50 13.04.2022

Bayden Putini soyqırım törətməkdə ittiham etdi: “Getdikcə aydın olur”

Amerika prezidenti Co Bayden Vladimir Putini Ukraynada soyqırım törətməkdə ittiham edib.

Qaynarinfo "The Guardian” qəzetinə istinadən məlumat verir ki, Bayden Putinin hətta Ukrayna xalqının mövcudluğu fikrini belə məhv etməyə çalışdığını bildirib.

Bayden bundan əvvəl də Putini müharibə cinayətkarı adlandırmışdı.

Ümumilikdə Rusiyanın Ukraynada törətdiyi qətliamları araşdırmaq məqsədilə Mariupolun dağıdılması və Buçada mülki insanların öldürülməsi daxil bir neçə araşdırmanın aparıldığı bildirilir.

Haaqa beynəlxalq cinayət məhkəməsində də Rusiyanın Ukraynada hərbi cinayət və insanlıq əleyhinə cinayətlər törətməsinə inandırıcı əsaslar olduğu üçün iş qaldırılıb.

"Bəli mən bunu soyqırım adlandırıram, çünki getdikcə daha çox aydın olur ki, Putin hətta ukraynalı olmaq ideyasını belə məhv etməyə çalışır”, - ABŞ prezidenti bildirib.

Bayden rusların Ukraynada törətdiyi dəhşətli şeylərlə bağlı daha çox sübutların ortaya çıxdığını deyib.

Ukrayna prezidenti Zelenski Baydenin sözlərini alqışlayıb və onu "əsil liderin həqiqi sözləri” adlandırıb.

"Şərə qarşı döyüşdə şeyləri öz adları ilə adlandırmaq vacibdir”, - Zelenski öz Twitter hesabında yazıb. O, həmçinin ABŞ-a Ukrayanaya indiyə qədər verdiyi dəstək üçün təşəkkür edib və Rusiyanın yeni hücumunun qarşısını almaq üçün təcili daha çox silaha ehtiyacları olduğunu bildirib.

Nurlan Hüseynov