ABŞ prezidenti Co Bayden Ukraynaya əlavə maliyyə ayrılmasına mane olan respublikaçı konqressmenləri tənqid edib.
Qaynarinfo xəbər verir ki, Ağ Evdə ukraynalı həmkarı Volodimir Zelenski ilə birgə mətbuat konfransı zamanı Bayden ABŞ-ın Ukraynanı kritik silah və avadanlıqlarla təmin etməyə davam edəcəyini, lakin əlavə maliyyəyə ehtiyac olduğunu deyib.
O vurğulayıb ki, Putin ABŞ-ın Ukraynaya dəstəyi dayandıracağına "stavka" edir və Vaşinqton onun səhv olduğunu sübut etməyə borcludur.
"Rusiya və Moskvadakı loyalçılar keçən həftə respublikaçılar Ukraynaya yardımın qarşısını almaq üçün səs verəndə sevindilər. Kreml şousunun aparıcısı belə dedi, mən sitat gətirirəm: "Afərin, respublikaçılar. Bu, bizim üçün yaxşıdır". Əgər rus təbliğatçıları tərəfindən təriflənirsinizsə, hərəkətləriniz barədə düşünməyin vaxtıdır", deyə Ağ Evin rəhbəri qeyd edib.