ABŞ prezidenti Co Bayden 2024-cü il seçkilərində Demokratların namizədi kimi iştirak etmək qərarına gəlib, lakin seçkilərdə iştirakı ilə bağlı hələlik rəsmi açıqlama verməyib.
Qaynarinfo xəbər verir ki, bu barədə ABŞ televiziya kanalları
NBC News və
CNN məlumat yayıblar.
NBC News-un məlumatına görə, ABŞ prezidenti ikinci müddətə namizədliyini rəsmən elan etməyə tələsməyəcək. Telekanal buna iki səbəb göstərir: Respublikaçılar partiyasından keçmiş prezident Donald Trampın cinayət təqibinə diqqət və 2024-cü il üçün büdcə xərcləri ilə bağlı Konqresdə respublikaçılarla debatlar.
NBC News qeyd edir ki, Baydenin ətrafında olanlar görə, gecikmə ona gözlənilməz hallar baş verərsə, namizədlikdən imtina etmək və başqa bir demokrat namizədi dəstəkləmək üçün "seçim imkanı" verir.
CNN aydınlaşdırır ki, Co Bayden hələlik namizədliyin tarixi, seçki qərargahının yeri və kampaniyanın rəhbəri ilə bağlı qərar verməyib. CNN mənbələrinin məlumatına görə, Co Bayden 2023-cü ilin yayında seçkilərdə iştirak edəcəyini açıq elan edəcək.
İndiyədək Demokratlar partiyasından prezidentliyə namizəd olmaq üçün ABŞ-ın keçmiş prezidenti Con Kennedinin qardaşı oğlu kiçik Robert Kennedi və yazıçı Marianna Uilyamson müraciət ediblər. Respublikaçılar arasında isə Donald Tramp, Cənubi Karolinanın keçmiş qubernatoru Nikki Heyli və sahibkar Vivek Ramasvami var.
Nizami Bağırov