ABŞ prezidenti Co Baydenin baş müşaviri Mayk Donilon və Ağ Evin aparat rəhbərinin müavini Cennifer O'Melli Dillon fevralın əvvəlində öz vəzifələrini tərk edəcəklər. Bundan sonra onlar Baydenin seçki qərargahında işləmək niyyətindədirlər.
Bu barədə Qaynarinfo "The Washington Post"a istinadən xəbər
verir.
Nəşrin məlumatına görə, Cennifer Omelli Dillon ABŞ prezidentinin seçkiqabağı qərargahına rəhbərlik edəcək, Mayk Donilon isə siyasi strategiyaya cavabdeh olacaq. Qeyd etmək lazımdır ki, onlar artıq 2020-ci il seçkilərində Baydenin seçki qərargahında çalışıblar və onun qələbəsindən sonra Ağ Evdə vəzifələr alıblar.
Bundan əvvəl bir sıra nəşrlər Co Baydenin iqlim üzrə xüsusi elçisi Con Kerrinin də istefa verməyi və onun seçki kampaniyasında iştirak etməyi planlaşdırdığını bildirib.
Xatırladaq ki, ABŞ-da prezident seçkiləri 2024-cü il noyabrın 5-nə təyin edilib. Proqnozlara görə, demokratlardan əsas namizəd ABŞ-ın hazırkı prezidenti Co Bayden olacaq. Respublikaçılar arasında Donald Trampla yanaşı, ABŞ-ın BMT-dəki keçmiş səfiri Nikki Heyli də favoritdir.
Nizami Bağırov