ABŞ prezidenti Co Baydenin Kiyev üçün Konqresdən tələb etdiyi vəsaitin əsas hissəsinin hərbi ehtiyaclara yönəldilməsi planlaşdırılır. Üstəlik, onlardan bəziləri Pentaqonun öz anbarlarından ötürülən silahların yerinin doldurması üçün nəzərdə tutulub.
Qaynarinfo xəbər verir ki, bu barədə Ukraynanın Vaşinqtondakı səfiri Oksana Markarova sosial şəbəkələrdə yazıb.
"Tələbin əsas rəqəmləri aşağıdakılardır: müdafiə xərcləri - 46,1 milyard dollar, bunun 30,6 milyard dolları ABŞ Müdafiə Nazirliyinin proqramları üçündür", deyə Markarova bildirib.
Səfir izah edib ki, 18 milyard dollar ABŞ Müdafiə Nazirliyinin anbarlarından müdafiə məhsullarının yerinin doldurulması, habelə Ukrayna hökumətinə göstərilən xidmətlər, hərbi təhsil və təlim xərclərinin ödənilməsi üçün nəzərdə tutulub.
Digər 12 milyard dollar Ukraynada Təhlükəsizliyə Yardım Təşəbbüsünə, 1,7 milyard dollar isə Dövlət Departamentinin Kiyev və Ukraynadakı müharibədən zərər çəkmiş ABŞ-ın digər tərəfdaşları üçün Xarici Hərbi Maliyyələşdirmə proqramına ayrılıb.
Texniki və kəşfiyyat dəstəyi, silah istehsalının artırılması və kibertəhlükəsizliyə təxminən 14,4 milyard dollar xərclənməsi planlaşdırılır.
Kiyevə birbaşa büdcə dəstəyi üçün 11,8 milyard dollar ayrılması nəzərdə tutulur.
Bundan əvvəl Ukrayna Ali Radasının deputatı Yaroslav Jeleznyak ABŞ prezidenti Co Baydenin Kiyev üçün Konqresdən tələb etdiyi vəsaitin ölkənin ehtiyacları üçün kifayət etməyəcəyini deyib.
Alpər