ABŞ prezidenti Co Baydenin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan son aylarda Vladimir Putinin ən yaxın müşavirləri ilə bir neçə dəfə məxfi söhbət edib.
Qaynarinfo xəbər verir ki, bu barədə "The Wall Street Journal” ABŞ və müttəfiq ölkələrin rəsmilərinə istinadən məlumat
yayıb.
Moskva ilə Vaşinqton arasında münasibətlərin Soyuq müharibədən bəri ən pis vəziyyətdə olmasına və diplomatik kanalların praktiki olaraq mövcud olmamasına baxmayaraq, Ağ Ev hesab edir ki, milli təhlükəsizlik sahəsində müəyyən qarşılıqlı maraqların təmin edilməsi üçün əlaqələr saxlanılmalıdır. Bir neçə ABŞ rəsmisi deyir ki, Sallivan administrasiyada Rusiya ilə əlaqə saxlamaqda israrlı adam kimi tanınır. Eyni zamanda, Ukrayna istiqamətində siyasətin, o cümlədən Rusiyanın başlatdığı müharibəyə reaksiyanın işlənib hazırlanmasında və əlaqələndirilməsində aparıcı rolu məhz o oynayır.
WSJ mənbələri bildirir ki, Sallivan əvvəllər Rusiyanın ABŞ-dakı səfiri olub və son 10 ildə Putinin xarici siyasət üzrə köməkçisi işləyən Yuri Uşakovla əlaqə saxlayır. Onlar həmçinin bildiriblər ki, o, Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşevlə də danışıb.
Danışıqların məqsədi Ukraynadakı qarşıdurma səbəbindən münaqişənin eskalasiya riskini azaltmaq, Moskvanı nüvə və ya digər kütləvi qırğın silahlarından istifadə etməkdən çəkindirmək olub. WSJ həmsöhbətləri deyirlər ki, Ukraynadakı münaqişənin nizamlanması məsələləri müzakirə olunmayıb.
Daha əvvəl "Washington Post” mənbələrinə istinadən xəbər vermişdi ki, Bayden administrasiyası Ukrayna hakimiyyətindən Putinin hakimiyyətdə qaldığı müddətcə Kiyevin Rusiya ilə danışıqlara getməyəcəyini açıq şəkildə deməyi dayandırmağı xahiş edib. ABŞ rəsmisi WSJ-yə bildirib ki, Sallivan Ukrayna liderləri ilə danışıb və onlardan münaqişəni həll etməyə hazır olduqlarını bildirmələrini istəyib. Eyni zamanda, hər iki qəzetin mənbələri iddia edir ki, Vaşinqton Kiyevi danışıqlara başlamağa məcbur etmək üçün ona təzyiq göstərməyə çalışmır. Daha doğrusu, məqsəd müttəfiqlərə Ukraynanın dünya enerji və ərzaq qiymətlərində sıçrayışa səbəb olan münaqişənin həlli yollarını axtarmağa hazır olduğunu göstərməkdir.
Rəsmi məlumata görə, Sallivan sonuncu dəfə Patruşevlə mart ayında danışıb. Ağ Ev onun Putinin müşavirləri ilə sonrakı təmasları barədə məlumat verməyib. Sallivanın sözçüsü Edrien Uotson WSJ-nin Uşakov və Patruşevlə məxfi söhbətləri ilə bağlı sualına "İnsanlar çox şey deyir" cavabını verib və əlavə şərh verməkdən imtina edib.
Kremlin mətbuat katibi Dmitri Peskov iddialarla bununla bağlı suala belə cavab verib: "Bunun üçün "The Wall Street Journal”a, ya da Ağ Evə müraciət etmək lazımdır. Bizim deməyə sözümüz yoxdur... Anglo-Sakson qəzetləri çoxlu "utka" dərc edir, ona görə də burada ya qəzetlə, ya da Ağ Evlə əlaqə saxlamaq lazımdır".
WSJ mənbələri danışıqların dəqiq hansı tarixlərdə baş verdiyini, neçə dəfə olduğunu və hər hansı bir nəticə verib-vermədiyini açıqlamayıb. Lakin Putin sentyabrın 21-də Rusiyanın öz ərazi bütövlüyü təhdid altında olduqda bütün üsullardan, o cümlədən nüvə silahından istifadə etdiyini söylədikdən və çıxışını "Bu, blef deyil” sözləri ilə müşayiət edəndən sonra Sallivan açıq şəkildə bəyan etdi ki, "Bayden administrasiyası" çox yüksək səviyyədə birbaşa Kremlə silahından istənilən istifadənin Rusiya üçün fəlakətli olacağını bildirib".
Barak Obamanın prezidentliyi dövründə ABŞ-ın NATO-dakı səfiri olmuş Ayvo Dalderin fikrincə, təsadüfi qarşıdurma və ya müharibədən qaçmaq üçün ölkələr, xüsusən də nüvə silahı olan ölkələrə açıq əlaqə kanallarını saxlamaq həmişə vacibdir: "Milli təhlükəsizlik üzrə müşavirlər prezidenti birbaşa kommunikasiya kanalına cəlb etmədən Oval Ofisin ən yaxın vasitəçiləridir".
Qəzetin yazdığına görə, eyni məqsədlə, Moskva Ukraynanın "çirkli bomba" istifadə etməyə hazırlaşdığı barədə əsassız iddialar yaymağa başlayanda müdafiə naziri Lloyd Ostin nazir Sergey Şoyquya zəng edib. Pentaqon bildirib ki, rabitə kanallarının saxlanmasının vacibliyini vurğulamaq üçün ilk zəngi Ostin edib. İkinci zəng artıq Şoyqunun təşəbbüsü ilə edilib.
Nizami Bağırov