Bu gün ABŞ Prezidenti Co Bayden Ukraynadakı müharibəyə cavab olaraq Rusiyaya qarşı tətbiq olunacaq yeni tədbirləri açıqlamalıdır. Burada Prezident Rusiyanı daha ciddi məsuliyyətə cəlb etmək üçün fəaliyyət planını elan edəcək.
Maralıdır, ABŞ-ın Rusiyaya qarşı növbəti sanksiya tədbirlərinə nələr daxildir?
Məsələ ilə bağlı Qaynarinfo-ya açıqlama verən sabiq xarici işlər naziri Tofiq Zülfüqarovun fikrincə, Ağ Evin Moskvaya qarşı növbəti sanksiyalar tədbirinə, prosesə Çin və Hindistanı da qoşmaq daxildir:
"İndiki mərhələdə Vaşinqtonla Pekin arasında geniş fikir mübadiləsi aparılır. Bilirsiniz ki, sanksiyalar tək Rusiya şirkətlərinə deyil, həm də onlarla işləyən xarici şirkətlərə də avtomatik olaraq tətbiq edilir. Bu fonda Rusiya ilə əlaqələrini davam etdirən Çin, Hindistan şirkətləri də sanksiyalarla üzləşə bilər. Yəni belədə, sanksiyalar Çinə də ziyan vura bilər. Ona görə digərləri kimi Pekinin də öz iqtisadi varlığı ilə risk edəcəyi gözlənilmir. Prosesdə neytral qalmaq istəyən iqtisadi güclər Vaşinqtonun təzyiqilə tədricən bu mövqedən geri çəkilməyə başlayıblar. Deməli, son nəticədə Çin və Hindistan kimi nəhənglər də sanksiyalara qoşulmaq məcburiyyətində qalacaqlar”.
Sabiq XİN şefi bildirir ki, artıq Rusiyanın rəsmi elitası səviyyəsində Kremlin hərəkətiylə bağlı ciddi narazılıqlar baş qaldırır:
"Artıq məlumatlar var ki, ABŞ Rusiyaya qarşı yeni sanksiyalar paketi hazırlayır. Məlumatlara görə, Vaşinqton Ukraynaya daha ciddi silah növləri verəcək. O cümlədən, "Patriot” raketlərinin verilə biləcəyi də istisna deyil. Rusiya və xarici ölkə kanallarında birmənalı olaraq fikir səslənir ki, artıq bu ölkənin rəsmi elitası səviyyəsində də ciddi narazılıqlar yaranmağa başlayıb. Belə fikirlər də səslənir ki, Rusiyada hakimiyyət dəyişikliyi mümkündür”.
T. Zülfüqarova görə, Qərbdə Ukrayna böhranı ilə bağlı artıq müvəqqəti həll modeli də hazırdır:
"Fikirlər səslənir ki, Ukrayna və Rusiya XİN başçıları arasında Antalyadakı görüş Türkiyə Prezidenti Ərdoğanla, İsrail Baş naziri Bennetin təşəbbüsünün nəticəsidir. Hansı ki, bu təşəbbüs Bayden tərəfindən də dəstəklənib. Bayden Ərdoğanla telefonla danışıb. Bu da onu göstərir ki, artıq kompromis, müvəqqəti həll modeli hazırdır. Ona əsasən Donetsk, Luqansk, Krımda mövcud olan indiki şərait müvəqqəti dondurulur, atəşkəs rejimi qüvvəyə minir”.
Rüfət Sultan