Dünya 16:18 13.07.2022

Baydenin Yaxın Şərq səfəri: İran və Rusiya niyə narahatdır? (ŞƏRH)

ABŞ Prezidenti Co Bayden iyulun 13-dən Yaxın Şərq bölgəsinə səfərə çıxır. Öncə o İsraildə olacaq. Ardınca isə Səudiyyə Ərəbistanına gedərək, Körfəz Əməkdaşlıq Təşkilatı liderlərinin toplantısına qatılacaq. Sözsüz ki, bu zaman Səudiyyə rəsmiləri ilə də görüşəcək. 

İran isə Baydenin bu səfərindən əməlli-başlı narahatlıq keçirməyə başlayıb. Baydenin səfərinə münasibət bildirən İranın Kəşfiyyat naziri İsmayıl Xətib bildirib ki, bu hərəkətlər sadəcə söz və razılaşma deyil, Amerikanın İsraili bölgəyə rəsmi şəkildə qaytarması cəhdidir.

Aydın məsələdir ki, Bayden bölgəyə edəcəyi bu səfərlə ABŞ-ın mövqeyini möhkəmləndirməyi düşünür. Xüsusən də, Rusiya məsələsində. Vaşinqton neftlə zəngin ərəb ölkələrinin bazara daha çox "qara qızıl” nəql etməsilə neftin qiymətinin ucuzlaşmasına nail olmaq istəyir. 

Co Baydenin bu səfəri Yaxın Şərqlə bağlı məsələdə nələrin dəyişməsilə nəticələnə bilər?
 
Məsələ barədə Qaynarinfo-ya açıqlama verən analitik Kənan Rövşənoğlu Baydenin səfəri fonunda regionla bağlı prosesdə ciddi bir dəyişiklik və yeniliyin olacağını gözləmir:
 
"ABŞ prezidenti Co Baydenin Yaxın Şərq regionuna səfəri bir neçə mühüm səbəblə əlamətdardır. Birincisi, İsrailə səfərdir. İsrail və İran arasında münasibətlər həddən artıq gərginləşib, qarşıdurma riski artıb. Bayden güman ki, yenidən seçkiyə hazırlaşan İsrail siyasi iqtidarını İran mövzusunda sakitləşdirməyə çalışacaq. 

İkinci mühüm məqam Səudiyyə Ərəbistanının Ciddə şəhərində keçiriləcək Körfəz Əməkdaşlıq Təşkilatı+ (Misir, İordaniya və İraq) liderləri ilə toplantı olacaq. Güman ki, burda əsas mövzu neft hasilatının artırılması müzakirə ediləcək. Ərəblər isə ABŞ-dan İran mövzusunda təminat istəyəcəklər. 

Ümumilikdə ciddi bir dəyişiklik və ya yenilik gözlənilmir. Amma güman edirəm ki, İran-İsrail gərginliyində müəyyən yumşalma olsun. Əlbəttə, ABŞ regiondakı ərəb müttəfiqlərinə təhlükəsizlik təminatı verəcək”. 

Rüfət Sultan