Rusiya hakimiyyətinin sanksiyalardan yan keçmək üçün Asiyadan Yaxın Şərqə qədər "körpü” qurmaq cəhdi uğursuzluq ərəfəsində idi.
Hindistan Ticarət və idxalçılar palatasının nümayəndəsi Anna Bektor bildirib ki, Birləşmiş Ərəb Əmirliklərinin ən böyük aviaşirkəti olan "Emirates Airlines” sanksiya tətbiq olunan malları Hindistandan Rusiyaya daşımaqdan imtina
edir.
Sərnişin dövriyyəsinə görə dünyada dördüncü, yükdaşımada isə ikinci yerdə olan şirkət Moskvaya və Moskvadan uçuşlarını davam etdirir.
Lakin "Emirates”i "anti-sanksiya” mərkəzinin yaradılmasına cəlb etmək cəhdi ABŞ maliyyə nazirinin müavini Uolli Adeymonun başçılıq etdiyi ABŞ rəsmilərindən ibarət nümayəndə heyətinin BƏƏ-yə səfərindən sonra dayanıb.
BƏƏ-də Adeymo, Milli Təhlükəsizlik Müşaviri Şeyx Tahnoun bin Zayed Al Nahyan, "Mubadala Investment Co”nun rəhbəri Xaldun Xəlifə Əl Mübarək və digər yüksək vəzifəli şəxslər ilə görüşməli idi.
"Bloomberg”in məlumatına görə, ona Rusiyaya qarşı sanksiyaların həyata keçirilməsinə və xüsusən də müharibə başlayandan sonra kütləvi şəkildə Dubaya uçmağa başlayan zəngin rusların aktivlərinin bloklanmasına nail olmaq tapşırılıb. RadarBox.com uçuş izləmə şirkətinin təhlilinə əsasən, Rusiyadan BƏƏ-yə özəl uçuşların payı 3%-dən 14%-ə yüksəlib.
İyul ayında Şeyx Məhəmməd bin Zayed Əl Nəhyanın diplomatik müşaviri Ənvər Qarqaş BƏƏ-nin sanksiyalar məsələsində ABŞ ilə intensiv danışıqlar apardığını bildirmişdi. O, BƏƏ-nin "dollar iqtisadiyyatı” olduğunu xatırladıb və əlavə edib ki, ölkənin mövqeyi sanksiyalar siyahılarında olanlarla müharibə ilə əlaqəsi olmayanları ayırmaqdır.
Nizami Bağırov