Xəbər lenti

BƏƏ Rusiya şirkətlərinə bank hesablarının açılması şərtlərini sərtləşdirir
Dünya07:41 24.11.2023

BƏƏ Rusiya şirkətlərinə bank hesablarının açılması şərtlərini sərtləşdirir

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Birləşmiş Ərəb Əmirliklərinin bankları Rusiya şirkətlərinə hesabların açılması şərtlərini sərtləşdirəcək. 
Qaynarinfo "Bloomberg"ə istinadən xəbər verir ki, bu qərara Qərb ölkələrinin mövqeyi təsir edib: ABŞ, Avropa İttifaqı və Böyük Britaniya Rusiyanın ticarət sanksiyalarından yan keçmək üçün istifadə etdiyi kanalların qarşısını almaq məqsədilə BƏƏ hakimiyyətinə təzyiqləri artırıb.
"Maliyyə uyğunluğu baxımından BƏƏ-də rus olmaq daha çətinləşib və vəziyyət getdikcə daha da sərt olur", deyə Dubayda yerləşən transsərhəd əməliyyatlar və bank hesabları üzrə məsləhətçi Darya Nevskaya "Bloomberg"ə müsahibəsində bildirib. 
Rusiyaya və ya üçüncü ölkəyə pul köçürmələri indi daha sərt nəzarətə məruz qalır və daha çox vaxt aparır. Bəzi banklar daha çox sənəd tələb edir, bəzən isə pul vəsaitlərini bloklayır, köçürməni əsaslandırmağı və ya pulun mənşəyini göstərməyi tələb edir.
BƏƏ həmçinin FATF (Maliyyə Fəaliyyəti İşçi Qrupu) prosedurları vasitəsilə əlavə tədbirlər görür və müştərilərdən sanksiyalar siyahıları ilə bağlı əlavə məlumat tələb edir. Bu, bütün ölkələrdən olan müştərilərə aiddir, lakin sanksiyaların əhatə dairəsinə görə vəziyyət Rusiya şirkətləri üçün xüsusilə çətin ola bilər.
Bu dəyişikliklərə baxmayaraq, BƏƏ sanksiyalara məruz qalmayan bir çox iri Rusiya şirkətlərinə üstünlük verilən mərkəz olaraq qalır. Bununla belə, BƏƏ hakimiyyət orqanlarının daha diqqətli nəzarəti bəzi müəssisələri regionun digər ölkələrində daha yumşaq şərtlərlə alternativlər nəzərdən keçirməyə vadar edir. Rusiyanın bəzi iri şirkətləri artıq Oman və ya Bəhreynə, ABŞ tənzimləyicilərinin nəzarəti altında olmayan Körfəz ölkələrinə köçməyi düşünür.
Nizami Bağırov