Ötən bazar günü Minskdə icazəsiz etiraz aksiyasında mindən çox adam nəzarətə alındı. Bəs şayiələrə görə, bu yaxınlarda "Mumu" ləqəbli Oleq Gerasimoviçi yeni "patriarx" kimi qəbul edən Belarus cinayət aləminin baş verənlərə münasibəti necədir? Mumu Saşa Kuşner kimi tanınan Aleksandr Kuşnerovun Dubaya qaçmasından sonra onun yerini tutub. Daxili İşlər Nazirliyinin "avtoritet”lərin "yetişdirilməsində” iştirak etmiş keçmiş əməkdaşı Belarusun bu "qaranlıq üzündə" nələr baş verdiyindən danışıb.
Qaynarinfo müsahibəni təqdim edir:
- Ən vacib sual - Belarus cinayət aləminin siyasi mübarizənin gedişatına təsir etmək imkanı varmı?
- Əvvəla, Belarus cinayət aləmi - ənənəvidir, praktiki olaraq blatnoylar yoxdur. O aləm həm də cismən olmaqla sərt tədbirlərlə məhv edilib. Lukaşenko bu barədə açıq danışır, bunu da öz xidməti hesab edir.
Kimisi sanki suya qərq olub yoxa çıxdı, məsələn, ilk Belarus "qanuni oğrularından” biri olan Şavlik ləqəbli Vladimir Kleşş (Naum ləqəbli Pyotr Naumenkonu əvəz etmişdi). Yeri gəlmişkən, o, Moskvada taclandırılmışdı, çünki bütün postsovet cinayətləri buradan idarə olunurdu. Nəzakət xətrinə taclandırmanın Qomeldə olduğunu dedilər, amma bu, bir nağıldı. Qomel vaxtilə Belarusun kriminal paytaxtı idi, lakin yenə də Moskvadan idarə olunurdu. Elə bu yaxınlarda Lukaşenko Şavliki ikrahla xatırlatdı...
- Yəni həqiqətən hamısını aradan götürüblər?
- Öldürülməyənlər arasında ölüm-dirim çəkişməsi salındı və bu çəkişmələr bu gün də davam edir. Ancaq kiçik fiqurlar qalıb və uzun müddət onlar haqqında danışacaq bir şey yoxdur. Öldürülən Ded Xasan tərəfindən taclandırılan Kuşner Türkiyədən ovurdlarını şişirtməyə çalışır. Ancaq türklər də istənilən an onu çimdikləyəcəklər, buna görə də o, daha çox İnternetdə şaqqıltı salır...
Ümumiyyətlə, bütün blatnoy qonaqları Belarusla sərhəddə sərt şəkildə geri çeviriblər - ya da xoş gəlmisiniz, amma səkkiz ilinizlə razılaşın. Razılaşan birini xatırlamıram.
- Kriminal aləmə qarşı sərt tədbirlər Lukaşenkonun nou-hausudur?
- Heç də yox, bunların hamısı SSRİ-də 50-ci illərin sonları mövzusundakı dəyişikliklərdir. "Qanun oğrular”ı elə günə qoymuşdular, kim ki oğru anlayışlarından imtina etməmişdi, onların yaşamaq şansı qalmamışdı. Mənzərə tipik olaraq beləydi: bir ilə - vərəm, iki il sonra - "krışka” (ölüm - müəllif qeydi). Bəzilərini isə araya parçalanma salmaq üçün diri buraxırdılar ki, başqaları desin: "Aha, demək, sağ qalıbsan – lap yaxşı, ancaq de görüm, kimə işləyirdin?"
Ümumiyyətlə, yeni bir şey yoxdur: ən yaxşı düşmən ölmüş düşməndir, parçala və hökm sür. Əlbəttə ki, buna hələ qərar vermək lazımdır. Bununla birlikdə, şübhəsiz ki, Batkanın qətiyyətini inkar edə bilməzsiniz. Obıvatellər onun bu hərəkətlərini uzun müddət xoş sözlərlə xatırlayırdılar. İndi artıq unudulub, əlbəttə ki, daha aktual deyil.
- Yenə də "sxodka"ların necə getdiyi aydın deyil (ancaq yazırdılar ki, 14 may 2019-cu ildə Belarusda Kuşner böyük bir "toplantı” təşkil edib)? Nə üçün Mumu 2018-ci ildə sərbəst buraxıldı və o vaxtdan bəri Belarusda rahatca yaşayır?
- "Sxodka”lara özləri bilərəkdən imkan verirlər (əsasən isə hətta özləri təşkil edirlər): bu cür "tədbirlər" hüquq-mühafizə orqanlarının məlumatlılığını artırmağa kömək edir və lazım olduqda çoxlarını bir tor ilə tutmağa imkan verir.
Belarusda formalaşmış rejim altında, orada yaşayan hər hansı bir "qanuni oğru”nun, yumşaq desək, forma geyən insanlara sadiq olmasına zəmanət vermək olar. Belarusda oğru dəyərlərinin təbliği mümkün deyil.
Rusiyalı cinayətkarların gözündə Belarusda sağ qalan istənilən "qanuni oğru” "ləkəlidir”. Mumu kimdir? Bu mənada ki, onun çoxmu təsiri var? Cavab aydındır.
- Mumu bir vaxtlar güclü təsiri olan kriminal avtoritet Apuka ilə ünsiyyət qurmaqla məşhurlaşıb. Bu oğru, zorlanmış məhkumların saxlandığı Qrodno həbsxanasında "press-xata”ya salındıqdan sonra özünü həyatdan məhrum etdi. Belarus məhbuslarının bu yolla "oğru” aləmindən kənarlaşdırma üsulunu ruslar tətbiq etdimi?
- Güzəştə getmək metodu ("endirmə" daxil olmaqla) ənənəvi Sovet təcrübəsidir. Bu, təsirli bir qamçı olub və olacaq da. Ümumiyyətlə, Belarusda yeni oyunçular kriminal aləm deyil, partiyalardır. Kriminal aləmin vətəndaş qarşıdurmalarında - kiməsə "qarşı", hətta "lehinə" istifadə edilə biləcək imkanları yoxdur.
- Ancaq Sovet analogiyalarına müraciət etsək, çətin anlarda - məsələn, 1980 Olimpiadası ərəfəsində kriminal aləmin köməyinə müraciət edilmişdi...
- Hə, guya daxili işlər nazirinin özü və generallar qanuni oğrulardan paytaxtda asayişi təmin etmələrini xahiş etmişdi, yəni sonra biz də sizə göz yumacağıq... Əşi, boş söhbətdi, heç də belə olmayıb. Sadəcə, lazımi məqamlarda əməkdaşlıq müqabilində gözəl yaşamağa icazə verilənləri çağırıb onlara sərt təlimatlar vermişdilər. Ancaq hansısa vədlər sadəcə gülüncdür.
Lukaşenkoya gələndə isə, onun o aləmdən köməyə çağıracağı kimsə yoxdur, çünki hamısı o dünyadadır. Bundan başqa, o, inanclı adamdır, yəqin ki, bütün sehrbazları və cadugərləri əvvəlcə məhv edən, çətin anda isə birini qəbirdən çıxarıb şəxsən bir sual vermək üçün onun yanına gedən ilk padşah Saulun əhvalatını bilir. Elə buna görə də o, oğulları ilə birlikdə ölmüşdü. Belə bir əhvalatı təkrarlamaq isə Batkanın ağlına da gəlməz. Həlməşik Belarus kriminallarına isə ona yalvarmaq heç gərək deyil. Batkanın dırmığının dişlərinin yerində avtomat lüləsi var, onu tapdamağa isə kimsədə həvəs yoxdu...
Alpər