Xəbər lenti

Belə fikirlərlə Putin Trampı aldada bilməz - Mehman Əliyev
Dünya 14:06 28.03.2025

Belə fikirlərlə Putin Trampı aldada bilməz - Mehman Əliyev

"Əslində hamı ayıqdır. Tramp da həmçinin. Belə fikirlərlə Putin Trampı aldada bilməz”. 
 
Qaynarinfo-ya açıqlamasında bunu siyasi şərhçi Mehman Əliyev Rusiya prezidenti Vladimir Putinin Ukraynada seçkilərin keçirilməsi üçün BMT və bir sıra ölkələrin himayəsi altında müvəqqəti idarəetmənin tətbiq edilməsi təklifi, nəhayət, ABŞ prezidenti Donald Trampı ayılda biləcəkmi, sualına cavabında deyib:
 


"Bu sadəcə, danışıqlar prosesidir ki, tərəflər də öz maraqlarına uyğun müxtəlif yerli-yersiz təkliflər irəli sürürlər. Putinin belə bir açıqlama ilə çıxış etməsi onun göstəricisidir ki, Rusiya prezidenti müharibəni dayandırmaq istəmir. Səsləndirdiyi mesaj məhz bu anlama gəlir. Bununla Kreml sülhün əldə edilməsinə əngəl olmağa çalışdığını da ortaya qoyur”. 

Ekspert qeyd edir ki, Rusiya hazırda cəbhə xəttində müəyyən üstünlüklər əldə edir:

"Bu səbəbdən də onlar indilikdə müharibənin davam etməsində maraqlıdırlar. ABŞ, Avropa İttifaqının özü də əslində müharibənin dayanmasında maraqlı deyillər. Ona görə də hərbi əməliyyatlar hələ davam edəcək”.

Qeyd edək ki, Rusiya prezidenti Vladimir Putin Ukraynada seçkilərin keçirilməsi üçün BMT və bir sıra ölkələrin himayəsi altında müvəqqəti idarəetmənin tətbiq edilməsini müzakirə etməyi təklif edib.

"Əslində, əlbəttə, BMT-nin, ABŞ-ın, Avropa ölkələrinin və əlbəttə, bizim tərəfdaş və dostlarımızın himayəsi altında Ukraynada müvəqqəti idarəetmə tətbiq etmək imkanını müzakirə etmək olardı. Bunun üçün demokratik seçkilər keçirmək lazımdır", – deyə Putin atom sualtı kreyseri "Arxangelsk"in sualtı dənizçiləri ilə söhbəti zamanı bildirib. 

O, əlavə edib ki, belə bir hökumətlə sülh danışıqlarına başlamaq və "bütün dünyada tanınacaq və etibarlı olacaq" sənədlər imzalamaq olar.

Ağ Ev Putinin bəyanatlarına reaksiya verib. Oradan bildirilib ki, Ukraynada hakimiyyət xalq tərəfindən seçilir və "müvəqqəti idarəetmə" haqqında heç bir müzakirə ola bilməz.

"Ukraynadakı hakimiyyətini onun konstitusiyası və xalqı müəyyən edir", deyə Ağ Evin Milli Təhlükəsizlik Şurasının nümayəndəsi "Reuters" agentliyinə Putinin fantaziyalarını şərh edərkən bildirib.

Rüfət Sultan

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->