Xəbər lenti

Belqoroddakı partlayışlarda kimlər maraqlıdır? - Rusiya yoxsa, Ukrayna
Dünya10:10 02.04.2022

Belqoroddakı partlayışlarda kimlər maraqlıdır? - Rusiya yoxsa, Ukrayna

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Xəbər verdiyimiz kimi, Ukrayna-Rusiya müharibəsinin gedişində ilk dəfədir ki, Rusiya ərazisində hərbi müstəvi ilə bağlı olan partlayışlar baş verib. Ukrayna sərhədinin 25 km-də yerləşən Rusiya şəhəri Belqorodun silah-sursat və neft anbarında güclü partlayış baş verib. 
Moskva bu partlayışın arxasında Ukrayna Ordusunun dayandığını iddia edir. Kiyev isə bu versiyanı hələlik konkret olaraq nə təsdiq, nə də təkzib edib.  
Məsələyə Ukrayna Prezidenti Volodimir Zelenski də münasibət bildirib. O, ”Fox News” telekanalının jurnalistinin partlayışların Ukrayna Silahlı Qüvvələri tərəfindən törədilib-törədilmədiyinə dair sualını şərh edərkən bildirib ki, Ali Baş Komandan kimi heç bir əmrini müzakirə etmir: 
"Elə şeylər var ki, onları yalnız Ukrayna Silahlı Qüvvələrinin hərbçiləri ilə bölüşürəm. Bizim üçün vacibdir ki, bütün dünya müharibə şəraitində olan bir ölkə olduğumuzu bilsin. Bizə hücum edildi. Vacib olan budur. Bu, ən böyük faciədir. Düzünü desəm, bu haqda danışmaq qeyri-peşəkarlıqdır. Onlar ərazimizi işğal ediblər. Bizə hücum ediblər. Bu müharibə 8 ildir davam edir, ona görə də bu və ya digər vəziyyətdə nə baş verirsə, şərh vermək mənim üçün çətindir”.
Zelenski açıqlamasında hadisənin Ukrayna tərəfindən törədilib-törədilmədiyinə dair konkret heç nə demir. Amma açıqlamasında səsləndirdiyi sözlər dolayısı ilə onu deməyə əsas verir ki, Belqoroddakı strateji hərbi obyektlərdə baş verən partlayış Ukranya ordusunun keçirdiyi əməliyyatın nəticəsidir. Zelenskinin dünyanın Ukraynanın müharibə şəraitində yaşayan ölkə olduğunu anlamasını və ölkəsinə hücum edildiyini deməsi dolayısı ilə o anlama gəlir ki, müharibənin gedişində bu kimi hadisələrin olması gözləniləndir.   
Məsələ ilə bağlı Qaynarinfo-ya açıqlama verən politoloq Elşən Mirzəoğlu düşünür ki, Rusiya ərazisinə edilən həmin zərbənin arxasında müharibənin uzanmasında maraqlı olan bəzi Qərb qüvvələri dayanır: 
"Rusiya Müdafiə Nazirliyinin açıqlamasına əsasən, həmin partlayışa görə, məsuliyyəti Ukrayna tərəfi daşıyır. Kiyev isə bunu təkzib edir. Maraqlı məqam odur ki, bu hadisəni Kiyev edibsə, bu, müharibənin gedişində Ukraynanın Rusiya ərazisinə endirdiyi ilk zərbədir. İndiyə kimi Rusiya ərazisində hərbi əməliyyatlar getməyib. Belə düşünürəm ki, bu olayın baş verməsində Qərb maraqlıdır. Türkiyənin vasitəsilə baş tutan danışıqlarda tərəflər müəyyən ortaq məxrəcə gələ bildilər. Kiyev bitərəf mövqeyini bəyan edərək, NATO-ya qoşulmayacağı barədə öhdəlik götürür. Bu isə hərbi əməliyyatların yaxın zamanlarda səngiməsinə gətirib çıxara bilər. Görünür, Qərb hərbi əməliyyatların bu kontekstində inkişafında maraqlı deyil. Ona görə də Ukraynanı silahlandırmaqda və Rusiyanı daha uzun müddətli müharibəyə cəlb etməkdə maraqlıdırlar. Düşünürəm ki, Belqorod şəhərinə endirilən zərbənin arxasında Qərbdə müharibənin uzanmasında maraqlı olan qüvvələr dayanır”.
Rüfət Sultan