Almaniyanın xarici işlər naziri Annalena Berbok 24 fevral 2022-ci il tarixindən sonra Ukraynaya dördüncü səfəri çərçivəsində Kiyevə gələrək Berlinin AB-yə gedən yolda Ukraynanı dəstəkləməyə hazır olduğunu açıqlayıb.
Qaynarinfo "European Pravda”ya istinadla
xəbər verir ki, nazirin bəyanatını Almaniya Xarici İşlər Nazirliyinin mətbuat xidməti yayıb.
"Bomba yağışı altında, Rusiya tankları qarşısında Ukrayna inamla və qətiyyətlə Avropa Birliyinə gedən yolu tutdu. Böyük cəsarət və qətiyyətlə Ukrayna hər birimizin azadlığını müdafiə edir", - Berbok bildirib.
Onun sözlərinə görə, Kiyev bu yolda Berlinin dəstəyinə arxalana bilər, çünki Almaniya "Aİ-nin genişlənməsinin Rusiya müharibəsinin zəruri geosiyasi nəticəsi olduğuna” əmindir.
Departamentin məlumatına görə, Berbokun səfərinin diqqət mərkəzində Rusiyanın infrastruktura ehtimal olunan hücumları fonunda əhalinin, xüsusən də gələn qışda elektrik enerjisi, su və istilik təchizatının təmin edilməsi və qorunması tədbirləri olacaq.
XİN qeyd edib ki, bundan əlavə, Almaniya və Ukrayna gələcəkdə bərpa olunan enerji mənbələrinə keçid, kömürdən tədricən imtina, elektrik şəbəkələrinin stabil işləməsi və enerjiyə qənaət edən mənzil tikintisi məsələlərində daha da sıx əməkdaşlıq etmək istəyirlər.
Səfər çərçivəsində Çernobıl AES-in qadağa zonasında külək elektrik stansiyasının tikintisinin mümkünlüyü də müzakirə olunacaq.
Hesabatda deyilir: "Təxminən 40 il əvvəl nüvə qəzası nəticəsində zədələnmiş ərazi, beləliklə, Rusiyanın Ukraynaya qarşı işğalçılıq müharibəsinin qızğın çağında Kiyev üçün yaşıl elektriklə təmiz və iqlimə uyğun enerji simvoluna çevrilə bilər”.
Berbokun səfəri zamanı Rusiyanın ukraynalı uşaqları oğurlaması və zərərçəkmiş ailələrin taleyi də mühüm mövzular olacaq.
Almaniyanın xarici işlər naziri təhlükəsizlik baxımından gizli saxlanılan səfər üçün bazar ertəsi səhər Kiyevə gəlib.
Berbok genişmiqyaslı müharibənin başlamasından sonra yanvar ayında Ukraynanın şərqinə səfər edən ilk Almaniya Nazirlər Kabineti üzvü olub. O, Xarkovu ziyarət edib.
Bundan əvvəl o, iki dəfə Kiyevdə olub - keçən ilin may və sentyabrında.
Alpər