Almaniya İqtisadiyyat Nazirliyi mayeləşdirilmiş təbii qazın (LNG) qəbulu və çatdırılması üçün "Şimal axını 2” qaz kəmərinin Almaniya hissəsinin milliləşdirilməsi və gələcəkdə istifadəsi variantını nəzərdən keçirir.
Qaynarinfo xəbər verir ki, bu barədə "Der Spiegel” nəşri məlumat
yayıb.
Hakimiyyət boru kəmərinin Almaniyaya məxsus hissəsini kəsib milliləşdirmək istəyir ki, sonradan onu üzən LNG terminalına qoşsun və Almaniyadakı istehlakçıları qazla təmin etsin. Milliləşdirmə tərəfdarları arqument olaraq, təchizat üçün tez istifadə oluna bilən keyfiyyətli infrastrukturun (kompressorlar və boru kəmərləri ilə paylayıcı şəbəkə) mövcudluğunu qeyd edirlər.
Bununla belə, Aİ-nin ekoloji tələblərinə görə belə bir planın həyata keçirilməsində çətinliklər yarana bilər. Məsələ burasındadır ki, "Şimal axını 2”-nin keçdiyi ərazi ümumavropa "Natura 2000” şəbəkəsində yerləşdiyindən tələblər sərt olacaq. Bundan əlavə, layihənin operatoru İsveçrənin Nord Stream 2 AG şirkəti olduğu üçün hakimiyyət orqanları hüquqi problemlərlə də üzləşə bilər.
Qəzet qeyd edir ki, "Qazprom”un nümayəndələri çətin ki, Almaniya hakimiyyətinin təşəbbüsünü dəstəkləsinlər, Rusiya dövlət şirkətinin bir çox nümayəndələri hələ də qaz kəmərinin müharibənin bitməsindən bir neçə il sonra işləyəcəyini gözləyirlər. Rəsmi olaraq, Almaniya hakimiyyəti Rusiyadan mümkün reaksiyasına görə milliləşdirmə variantının işlənib hazırlanmasını təsdiqləməkdən imtina edir.
Üzən LNG terminalının birləşdirilməsi layihəsi uğurla həyata keçirilərsə, "Şimal axını 2”-nin Almaniya hissəsi digər məsələlərlə yanaşı, ABŞ və Qətərdən də LNG qəbul edə biləcək. Hazırda Almaniya hakimiyyəti ABŞ tədarükçüləri ilə müqavilə bağlayıb, Qətərlə isə danışıqlar davam edir.
Nizami Bağırov