Dünya 23:21 29.03.2023

Berluskoni Putinin nüvə müharibəsindən qorxuya düşüb - Bunkerli ev axtarır

İtaliyanın keçmiş Baş naziri Silvio Berluskoni dostu - Rusiya prezidenti Vladimir Putinin nüvə müharibəsinə başlayacağından ehtiyat edərək, bomba sığınacağı olan ev almaq qərarına gəlib.

Qaynarinfo xəbər verir ki, bu barədə "La Stampa” siyasətçinin ətrafına istinadən yazır.

Nəşrin yazdığına görə, Berluskoninin 33 yaşlı xanımı, milli parlamentin üzvü Marta Faşina Rusiyanın nüvə silahları ilə bağlı xəbərləri, o cümlədən Putinin bu mövzuda son açıqlamalarını çox ciddi qəbul edir. Cütlük hesab edir ki, Rusiya prezidenti nüvə silahından istifadə etmək qərarına gələrsə, özlərini bunkerdə xilas edə biləcəklər. 

Berluskoninin ətrafında narahatlıq ab-havası hökm sürür, siyasətçinin iqamətgahında hətta "nüvə apokalipsisi zamanı xilas edilməli olan insanların siyahısını” tərtib ediblər. Cütlük hücumun Böyük Britaniyada baş verəcəyini, bundan sonra radioaktiv dalğanın Berluskoninin tez-tez ziyarət etdiyi İtaliyanın şimalındakı Brianzaya çatacağını ehtimal edir. 

İndi keçmiş baş nazir və sevgilisi sığınacağı olan bir ev tapmağa çalışırlar. Bununla belə, cütlüyün daşınmaz əmlaka olan yüksək tələbləri səbəbindən bazarda praktiki olaraq heç bir uyğun variant yoxdur. Məsələn, Milanın yaxınlığında bunkerləri olan evlər var, lakin onlardakı sığınacaqların ölçüsü kiçikdir və "orada yalnız Berluskoni itləri yerləşdirilə bilər", - Libero Quotidiano yazır. Alternativ olaraq siyasətçinin Arkordakı malikanəsində bomba sığınacağı tikmək olardı.

Eyni zamanda, jurnalistlərin fikrincə, eks-baş nazirin daha bir villasının - "Çertosa"nın ərazisində nüvə bunkeri var. Beş üzgüçülük hovuzu, futbol meydançası, yunan-Roma amfiteatrı və süni vulkanı olan 130 hektarlıq mülkə Putin bir neçə dəfə baş çəkib və o, Berluskonini "beş həqiqi dostunun birincisi” adlandırıb. Lakin villa Sardiniyada yerləşdiyindən təcili təxliyə zamanı italyan siyasətçinin radiasiyadan gizlənməyə vaxtı olmayacaq.

Nizami Bağırov