Xəbər lenti

Berluskoninin əlyazma vəsiyyətnaməsi açıqlandı: Sevglisi və övladlarına nə çatacaq?
Dünya 19:16 06.07.2023

Berluskoninin əlyazma vəsiyyətnaməsi açıqlandı: Sevglisi və övladlarına nə çatacaq?

İtaliyanın keçmiş baş naziri Silvio Berluskoninin böyük övladları Pyer Silvio və Marina Berluskoninin 1978-ci ildə ataları tərəfindən təsis edilmiş "Fininvest” ailə holdinqinin ümumilikdə 53%-nə sahiblik edəcəyi bildirilir. 

Qaynarinfo xəbər verir ki, bu barədə vəsiyyətnamənin mətni ilə tanış olan ANSA xəbər agentliyi məlumat yayıb.
 
Agentliyin məlumatına görə, vəsiyyətnamənin əsas hissəsini Silvio Berluskoni hələ 2006-cı ildə yazıb. Mətni öz əli ilə dəftərçəyə yazıb, cəmi 11 sətir. "Mən hər şeyi (vəsiyyət edə biləcəyim. – red.) bərabər hissələrdə övladlarım Marina və Pyer Silvioya qoyuram. Qalan hər şeyi bərabər hissələrdə beş övladım Marina, Pyer Silvio, Barbara, Eleonora və Luiciyə saxlayıram”, - 2 oktyabr tarixli sənəddə deyilir. Qeyd edək ki, İtaliya qanunlarına görə, uşaqlar valideynin əmlakının üçdə ikisini bərabər paylarla vərəsəlik hüququna malikdirlər. Vəsiyyət edən qalan üçdə birində sərbəst sərəncam verə bilər.

2020-ci ildə o, vəsiyyətnaməyə başqa insanlarla bağlı fikirlər əlavə edib. Belə ki, Berluskoni 100 milyon avronu qardaşı Paoloya, 100 milyon avronu son illərdə vətəndaş nikahı ilə yaşadığı Marta Faşinaya, daha 30 milyon avronu isə çoxdankı biznes ortağı və yaxın dostu Marçello Del'Utriyə saxlayıb. 

"Fininvest” holdinqdən məlumat verilib ki, "İdarə Heyətinin sədri Marina Berluskoni və direktorlar Pyer Silvio Berluskoni, Barbara Berluskoni və Luici Berluskoni onlara oxunan vəsiyyətnamə ilə tanış olublar” və bildiriblər ki, "atalarından fərqli olaraq səhmdarlardan heç biri "Fininvest” üzərində təkbaşına nəzarəti əldə etməyəcək". Vəsiyyətnamə elan olunandan sonra "Fininvest” səhmləri 1,58% ucuzlaşıb. Son 12 ayda onların artımı 25%-i keçib. Şirkətin kapitallaşması təxminən 32 milyard avro təşkil edir.

Nizami Bağırov

Sorğu

Azərbaycanda "Tik-Tok" şəbəkəsi bağlanmalıdırmı?
--> -->