
"Suriyada 3 ildir davam edən döyüşlər üçün Əsəd rejimi 25 milyard dollar xərcləyib".
Ans press-in verdiyi məlumata görə, bu barədə Suriyanın müvəqqəti hökumətinin maliyyə və iqtisadiyyat naziri İbrahim Miro deyib. O bildirib ki, Əsəd rejimi 2011-ci ilin mart ayında böhranın başlaması ilə Suriya Mərkəz Bankı valyuta ehtiyatlarından 7 milyard dollar, 2012-2013-cü illərdə isə müvafiq olaraq 9 milyard dollar xərcləyib. Ancaq buna baxmayaraq rejimə dəstək verən ölkələr bu rəqəmin iki qatı, yəni 50 milyard dollarlıq yardım edib.
Suriyalı nazir Əsəd rejiminin döyüşçülərinə 10 minlərlə dollarlıq dəstəyin davam edəcəyinin istisna olmadığını deyib:
"Suriya ordusuna il ərzində 2 milyard dollarlıq vəsait kifayət edir. Rejimə edilən maliyyə yardımını hərbiyə yönəldilən vəsaitlə müqayisə etdikdə hökümətin iqtisadi səbəblərlə devrilməsi mümkün deyil".
Ölkədə gedən döyüşlərin Suriyanın iqtisadiyyatına ciddi zərər vurduğunu deyən nazir fabriklərin istehsal gücünün azaldığını bildirib:
"Hazırda Suriyada olan fabriklərin istehsalı 25 faizdən aşağıdır. Bu fabrikərin çoxu Dəməşq və Hələbdə yerləşir. Bu bölgələr isə rejimin bombardmanı və mühasirəsi altındadır. Həmçinin buralarda rejimlə müxaliflər arasında qarşıdurmalar davam edir. İqtisadi zərər yalnız sənaye sektorunda deyil, kənd təsərrüfatı və turizm sektorunda da təsir edir. Ölkənin milli gəliri 2010-cu ildə, yəni böhran başlamadan əvvəl 60 milyard dollar idi, amma hazırki vəziyyətdə bunu demək mümkün deyil".
Qaynar.info