Çar Rusiyasının strateji əhəmiyyətli hesab etdiyi çərkəz xalqını Qafqazdan sürgün etməsindən 159 il keçir.
Rusiyanın Qara dəniz sahillərinə enmə siyasətinin tələbi olaraq Şimali Qafqazı ələ keçirmək məqsədi ilə 1556-cı ildə başlayan Qafqaz-Rusiya Çarlığı müharibəsi 308 il davam edib.
Qafqaz dağlarının içərilərinə doğru irəliləyərək çərkəzləri məhv edən ruslar təslim olmuş çərkəzləri ya çar ordusuna qatılmağa, ya da mühacirətə getməyə məcbur edib.
21 may 1864-cü il tarixindən etibarən Çərkəz icmaları Osmanlı İmperiyası başda olmaqla dünyanın müxtəlif bölgələrinə sürgün olunub.
Qeyri-rəsmi məlumatlara görə, bir ay ərzində 1,5 milyona yaxın çərkəz deportasiya edilib. 500 minə yaxın insan ağır yol şərtləri, epidemiyalar və aclıq səbəbindən həyatını ititirb.
Deportasiya edilənlər Anapa, Novorossiysk, Gəlincik, Soçi və Adler kimi Qara dəniz limanlarından gəmilərə mindirilərək Anadoluda Ordu, Samsun, Tokat, Amasya, Sinop, Yozqat, Düzce, Adapazarı, Kocaeli kimi şəhərlərə yerləşdiriliblər.
Çərkəzlərin bir hissəsi Yaxın Şərqdə, xüsusən də Suriya və Fələstində məskunlaşıb. Sürgün edilən çərkəzlər zamanla yerli əhaliyə qaynayıb-qarışıb.
Osmanlı imperiyasına sürgün oluna bilməyən çərkəzlər Orta Laba və Orta Kuban çayları bölgəsindəki rus kazak kəndlərinə yerləşdirilib.
Rusiyanın çoxdan planlaşdırdığı "Çərkəz xalqını öz vətənindən sürgün etmək əməliyyatı” mərhələli addım hesab olunur. Minlərlə insanın Osmanlı torpaqlarına çatmadan həyatını itirdiyi bu sürgün "tarixin ən ağrılı hadisələrindən biri" olaraq xarakterizə edilir.
Bəşəriyyət tarixinə qara ləkə kimi düşən çərkəz sürgünü çərkəzlər tərəfindən hər il göz yaşları ilə xatırlanır. Türkiyədəki çərkəzlər sürgünü anmaq üçün müxtəlif tədbirlər təşkil edirlər.