
Böyük Britaniyanın Avropa Birliyindən çıxması barədə referendumun nəticələri təkcə Avropa üçün deyil, ümumiyyətlə qlobal təhlükəsizlik üçün təhdidlərin başlanğıcı ola bilər. Çünki birlik modeli 20-ci əsrin əvvəllərində cəmi 30 il ərzində iki dağıdıcı dünya müharibəsindən keçmiş Avropa üçün təkcə inkişafın deyil, həm də təhlükəsizliyin təminatçısıdır.
Bunu Milli.Az-a açıqlamasında "Şərq-Qərb" Araşdırmalar Mərkəzinin rəhbəri, təhlükəsizlik məsələləri üzrə ekspert, politoloq Ərəstun Oruclu deyib.
Ekspertin yanaşmasının məntiqi ilk növbədə tarixi-siyasi faktorlara əsaslanır: "Bəşəriyyət tarixi dövründə baş vermiş iki dünya müharibəsinin hər ikisi Avropadan başlayıb və dünyanın əksər hissələrini əhatə edib. Onların hər biri də 30 milyondan 50 milyona qədər insan ölümünə, dəhşətli faciələrə səbəb olub. Bu iki hadisə cəmi 30 il ərzində baş verib və bəşəriyyət üçün çox böyük qlobal təhlükələr yaradıb, qlobal dəyişikliklərə gətirib çıxarıb. Dünyanın faktiki qütbləşməsi, müxtəlif məkanlar arasında savaşların açılması, milyonlarla insanın qurbana çevrilməsi və s. bunun nəticəsində olub.
Avropanın 1945-ci ildən sonra yaranmış təhlükəsizlik sisteminin başlıca mexanizmi isə "Avropa Kömür və Polad Birliyi"ndən başlayan və nəticədə Avropa Birliyi kimi formalaşma prosesi olub. Yəni Avropa sərhədləri, gömrükləri aradan qaldıraraq vahid bir məkana çevrildi. Bu məkanın qorunub saxlanması həm təhlükəsizlik üçün stimul yaradır, həm də müxtəlif təhdidlərin, təhlükələrin qarşısını almağa xidmət edir. Ona görə də hazırda Avropa Birliyində baş alıb gedən mərkəzdənqaçma meylləri Avropanı faktiki olaraq ötən əsrin əvvəlindəki statusuna qaytara bilər".
Politoloq hesab edir ki, Böyük Britaniyanın Avropa Birliyindən ayrılması Avropada parçalanma meyllərini gücləndirəcək: "Səsvermədə Şotlandıya və Şimali İrlandiya Böyük Britaniyanın Avropa Birliyindən çıxmasının əleyhinə səs verib. Bu isə o deməkdir ki, Böyük Britaniyanın daxilində separatçılıq baş qaldıra bilər. Bu separatçılıq meylləri onsuz da var, amma indi o, motiv əldə edə bilər. Bu kimi separatçılıq meylləri Avropa ölkələrinin bir çoxunda var. Məsələn, Macarıstandakı rumın, Rumıniyadakı macar azlığı, İspaniyadakı azlıqları və s. göstərmək olar. Bu gün bu cür tendensiyalar bir qədər qeyri-real görünsə də, nəticədə lokal qarşıdurmalara, yekun olaraq isə Avropa məkanında həm Avropadan kənar güclərin, həm də onların iştirakı olmadan hərbi qarşıdurmalara, sonradan isə bütün qitəni əhatə edən toqquşmalara, savaşlara gətirib çıxara bilər. Bunun üstünə miqrant problemini, bu fonda siyasətdə kəskinləşən iqrçi tendensiyaların güclənməsini, baş verən terror aktlarını və yeni təhdidləri də gəlsək, bu ehtimallar daha da güclənər".
Ə.Oruclunun fikrincə, Avropada təhlükəsizliyin və sabitliyin pozulması isə əslində qlobal sabitliyin pozulması deməkdir: "Çünki bu gün Avropa qloballaşan dünyada həm hərbi, həm iqtisadi, həm də siyasi baxımdan çox mühüm güc mərkəzlərindən biridir. Diqqət yetirin, görün, refendumunun nəticələri açıqlanandan sonra birjalar buna necə reaksiya verdi. Avronun və funt-sterlinqin kursunun kəskin şəkildə düşməsi, ABŞ dollarının möhkəmlənməsi, qızılın qiymətinin artması, neftin qiymətinin düşməsi və s. Unutmayaq ki, bütün bunların arxasında on milyonlarla, hətta yüz milyonlarla insanın sosial reallığı dayanır. Yəni yoxsullaşma baş verir, insanlar resurslarının itirilməsinə məruz qalırlar. Bunun özü də həmin o təhdidi yaradan, riskləri artıran amillərdən biridir. Bu baxımdan son illər AB-də baş verən müxtəlif ləngərvurmalar, çəkişmələr artıq ortaya müəyyən nəticə qoydu. Fikrimcə, bu, heç də ürəkaçan nəticə deyil. Ona görə ki, Avropanın bugünkü Avropa olmasının, indiki cəlbediciliyi əldə etməsinin əsas səbəbi, məhz AB-nin həm iqtisadi, həm siyasi, həm mədəni baxımdan onun azad məkan olmasını təmin etməsi idi. Artıq bu Birliyin 3 güclü iştirakçısından biri onu tərk etmək qərarı verirsə və bu qərar məhz əhali tərəfindən verilirsə, bu göstərir ki, Avropada təsdiq olunan və hər tərəfdən qəbul edilən dəyərlər sistemi laxlamaqdadır. Bu isə ən təhlükəlisidir..."
Qaynarinfo.az